Azərbaycanın Peşəkar Futbol Liqası (PFL) dünyanın ən nüfuzlu futbol təşkilatlarından biri olan Dünya Liqalar Assosiasiyasının (WLA) tamhüquqlu üzvü seçilib.
PFL-in prezidenti Elxan Səmədov ilə WLA-nın baş katibi Jerom Perlemuter arasında keçirilən onlayn görüşdə əməkdaşlıq perspektivləri və gələcək inkişaf strategiyaları müzakirə olunub.
Beynəlxalq etiraf WLA-nın baş katibi Jerom Perlemuter PFL-in idarəetmə və uzunmüddətli inkişaf yoluna sadiqliyini yüksək qiymətləndirib: “Azərbaycanın Peşəkar Futbol Liqasını sıralarımızda görməkdən məmnunuq. PFL peşəkar futbolun inkişafına göstərdiyi səmərəli yanaşma ilə seçilir. Əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi apararaq, liqanın beynəlxalq əlaqələrini genişləndirməyə hazırıq”.
PFL prezidenti Elxan Səmədov bu üzvlüyün ölkə futbolunun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Bu, Azərbaycan futbolu üçün mühüm bir mərhələdir. Dünya Liqalar Assosiasiyasının bir hissəsi olmaqla, biz dünyanın aparıcı liqalarının təcrübəsini öyrənəcək, idarəetmə və kommersiya sahəsindəki yenilikləri tətbiq edəcəyik. İnanırıq ki, bu tərəfdaşlıq yerli futbolun dayanıqlı inkişafına ciddi töhfə verəcək”.
2016-cı ildə təsis edilmiş WLA 50-yə yaxın peşəkar liqanı və 1100-dən çox klubu təmsil edir. Assosiasiyaya Avropanın “Böyük beşlik” liqaları (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) daxildir. Postsovet məkanından isə quruma yalnız Ukrayna, Özbəkistan və Latviya liqaları üzv idi.
Üzvlük PFL-ə idarəetmə, klubların lisenziyalaşdırılması, infrastruktur, oyunçu münasibətləri və kommersiya sahələrində beynəlxalq standartlara çıxış imkanı verir.
Sonda qeyd edək ki, noyabr ayında Praqada keçiriləcək Dünya Liqalar Assosiasiyasının Baş Assambleyası və seçkilərinə dəvət alan Elxan Səmədov, bununla da qlobal futbolun idarəetmə proseslərində yaxından iştirak edəcək.