2032-ci ildə Peruda hər hansı bir məktəbdə sinif jurnalının oxunmasını təsəvvür edin:
“Erling Haland buradadır?” – müəllim soruşur.
“Bəli!” – üç şagird eyni anda cavab verir.
İndi bu mənzərə tam reallığa çevrilə bilər. Almaniyanın Bild nəşrinin Peru Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinə istinadən verdiyi məlumata görə, Cənubi Amerika ölkəsində əsl “Haland xəstəliyi” yaşanır.
Rəsmi statistikaya əsasən, Peruda ümumilikdə 468 uşağa norveçli hücumçunun soyadı (Haaland) ad kimi verilib. Düz 91 körpə isə birbaşa “Erling Haland” ad-soyadını özünə ad olaraq götürüb. Qurumun mətbuat katibi İvan Torres yerli Panamericana Television kanalına açıqlamasında faktı təsdiqləyib: “Futbol ulduzları valideynlərə övladlarına ad seçərkən böyük ilham verirlər”.
Erling bu siyahıda tək deyil. Bild-in təqdim etdiyi rəqəmlər peruluların futbola olan sevgisini bir daha sübut edir:
33 809 nəfər – Neymar
3 042 nəfər – Messi
1 241 nəfər – Lamin Yamal
1 185 nəfər – Kriştianu Ronaldu
Peru millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməsə də, ölkə azarkeşləri dünya futbolunun ulduzlarına sevgilərini bu maraqlı üsulla nümayiş etdirirlər.