Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Sabah”ın qonağı olacaq “Hapoel” (Beer-Şeva) ilk görüşdə qazandığı 2:1 hesablı üstünlüyü qoruyaraq tarixində ilk dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanmağa çalışacaq. İsrail klubunun 36 yaşlı qapıçısı Ofir Martsyano isə bu qarşılaşmanı karyerasının ən mühüm sınaqlarından biri hesab edir.
Martsyano Sport5-ə müsahibəsində həlledici görüş öncəsi hisslərini bölüşüb və komandanın məqsədinin Bakıda başladığı işi sona çatdırmaq olduğunu bildirib.
“Çox həyəcanlıyam. Bu, bizim, futbolçuların, klubun, komandanın və əlbəttə, azarkeşlərimizin hamısı üçün çox vacib oyundur. Ümid edirik ki, başladığımız işi layiqincə başa çatdıracaq və hər kəsi sevindirəcəyik”, – deyə veteran qapıçı bildirib.
Ehtiyatdan Çempionlar Liqasına
Martsyanonun əsas heyətə dönüşü “Hapoel”in düşərgəsində diqqətçəkən hekayələrdən biridir. Uzun müddət ehtiyatda qalan qapıçı özünə inamını heç vaxt itirmədiyini deyir.
“Əgər özümə inanmasaydım, yəqin ki, dayanardım. Amma bütün bu müddət ərzində özümə güvəndim. Vəziyyətin daha çətin göründüyü vaxtlarda belə inamımı qorudum. Fürsətin gələcəyini bilirdim və həmin günə hazırlaşırdım”, – Martsyano vurğulayıb.
Onun sözlərinə görə, əsas məqsəd uzun müddət ehtiyatda qalsa da, hər məşqdə özünü yüksək səviyyədə saxlamaq olub: “Hər gün məşqlərdə psixoloji baxımdan özümü yaxşı vəziyyətdə saxlamağa çalışırdım. Bilirdim ki, fürsət gələcək və o zaman hazır olmalıyam. Özümə və bacarıqlarıma inanırdım. Sevindiricidir ki, peşəkar heyət mənə güvəndi və mən də hər fürsətdə əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”.
“Bu, karyeramın ən vacib oyunlarından biridir”
36 yaşlı qolkiper “Sabah”la qarşılaşmanın karyerasında xüsusi yer tutacağını düşünür.
“Şübhəsiz ki, bu, karyeramın ən vacib oyunlarından biridir. Ümid edirəm ki, həm də ən xoş qarşılaşmalardan birinə çevriləcək”, – deyə o bildirib.
Martsyano 36 yaşında Çempionlar Liqasının əsas mərhələsində 90 dəqiqə oynamaq ehtimalının bir müddət əvvəl onun üçün belə uzaq göründüyünü etiraf edib. Buna baxmayaraq, veteran qapıçı böyük arzularından heç vaxt vaz keçməyib.
“Bir neçə ay geriyə baxanda bütün bunlar inanılmaz görünür. Amma mən həmişə özümə və yaxşı şeylərin baş verə biləcəyinə inanmışam. Bəzən İsrail çempionatında hər hansı komandaya qarşı ehtiyat oyunçular skamyasında oturarkən belə gələcəyi təsəvvür edə bilmirsən. Ancaq daxilində böyük şeylərin mümkün olduğuna inam qalır”, – deyə Martsyano bildirib.
“Soyunub-geyinmə otağında möhtəşəm atmosfer var”
Veteran qapıçı “Hapoel”in uğurunda kollektiv ruhun xüsusi rol oynadığını düşünür. O, təcrübəsini komandanın gənc futbolçuları ilə bölüşməkdən zövq aldığını söyləyib.
“Soyunub-geyinmə otağında həqiqətən möhtəşəm atmosfer var. Bu, klişe deyil. Belə ab-hava olmasaydı, son illərdə əldə etdiyimiz uğurlara nail ola bilməzdik. Mən də bunun bir parçası olduğum üçün xoşbəxtəm. Karyeramın bu mərhələsində başqalarına öz təcrübəmi ötürməkdən zövq alıram. Həm meydanda, həm də meydandan kənarda komandaya kömək edə bildiyim üçün çox şadam”, – deyə o qeyd edib.
Martsyano komandanın turnirdəki yolunun da xarakterlərini göstərdiyini düşünür. “Hapoel”in “Vikinqur”a məğlubiyyətlə başladığı seçmə mərhələdən sonra toparlanaraq mərhələ adlamasını xüsusi vurğulayıb.
“Son üç ildə mövsümlərə yaxşı başlamamışıq. “Vikinqur”a məğlubiyyətdən sonra reaksiyamız məni çox sevindirdi. Çətin şərtlərdə ağır oyun keçirdik, lakin cavab görüşündə yaxşı nəticə qazanaraq mərhələni adladıq. Bu, bizə böyük inam verdi. Bir-birimizdən öyrənir, inkişaf edirik və birlikdə çox vaxt keçiririk. Qələbələr də komanda ruhunu daha da gücləndirir. Bütün bunlar bizi bu gün olduğumuz yerə gətirib”, – Martsyano bildirib.
“Əvvəlcə “Sabah”ı keçməliyik”
Çempionlar Liqasının əsas mərhələsində “Barselona” və “Real” kimi nəhənglərlə qarşılaşmaq arzusu barədə danışan Martsyano isə futbolçuların xəyal qurduğunu, lakin hazırda bütün diqqətin “Sabah”la oyuna yönəldiyini vurğulayıb: “Əlbəttə, biz həmişə ən yüksək zirvələrə çatmağı arzulayırıq. Amma əvvəlcə qarşıda çox vacib oyun var. Çox diqqətli olmalı, məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməliyik. İnşallah, bundan sonra xəyallarımız barədə daha çox danışmaq üçün vaxtımız olacaq”.
Qapıçı üçün qarşılaşmanın əlavə motivasiyası isə həyat yoldaşının doğum günüdür. Martsyano “Hapoel”in Çempionlar Liqasına vəsiqəsini onun üçün ən gözəl hədiyyələrdən biri hesab edir:
“Sabah həyat yoldaşımın doğum günüdür. Düşünürəm ki, bu, onun üçün layiqli hədiyyə olacaq. Əlbəttə, başqa hədiyyələr də olacaq. Amma əvvəlcə bunu reallaşdırmaq istəyirəm. Bu, həm məni, həm onu, həm də bütün azarkeşlərimizi çox sevindirər”. İlk oyunda 2:1 hesablı qələbə qazanan “Hapoel” Bakıda bu üstünlüyü qorumağa çalışacaq. “Sabah” isə doğma meydan amilindən yararlanaraq İsrail klubunun Çempionlar Liqasına gedən yolunu kəsməyə cəhd göstərəcək. Martsyano üçün isə bu 90 dəqiqə uzun illər davam edən karyerasının ən parlaq səhifələrindən birini yazmaq fürsətidir.