“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl”da vəziyyət kritik həddə çatıb. Komandanın baş məşqçisi Eddi Hau uğursuz nəticələr fonunda istefa verə biləcəyinin anonsunu verib.
2025/26 mövsümü “sağsağanlar” üçün məyusedici keçir. Premyer Liqada turnir cədvəlinin orta pillələrinə (12-ci yer) yuvarlanan komandanın baş məşqçisi öz işini qorumaq üçün ciddi mübarizə aparır.
Problemin kökü isə yay transfer pəncərəsinə dayanır. Aleksander İsakın “Liverpul”a rekord məbləğə (125 milyon funt) gedişindən sonra yaranan boşluq hələ də hiss olunur. Rəhbərliyin Nik Voltemade və Yoan Vissa həmlələri nəticəsiz qalıb və yeni transferlərdən yalnız Malik Tiau komandaya xeyir verə bilib. “Qarabağ”la oyunlar öncəsi rəqibin hücum xəttinin bu qədər dişsiz olması Ağdam klubu üçün əlavə şansdır.
Son turda “Brentford”a məğlubiyyət (2:3) və son 9 oyunda cəmi 1 qələbə “Nyukasl”da səbr kasasını daşırıb.
Mətbuat konfransında açıq danışan Hau, klubun maraqlarını hər şeydən üstün tutduğunu vurğulayıb: “Klub məndən vacibdir. Əgər hiss etsəm ki, komandaya daha fayda verə bilmirəm, kənara çəkiləcəm. Hazırda öz-özümdən soruşuram: Mən bu iş üçün doğru adamammı?”
Hau taktiki problemləri də gizlətməyib: “Sistemimiz hələ tam oturuşmayıb, axtarışdayıq”.