“Neftçi” rəhbərliyi komandanın hücum xəttində ciddi dəyişikliklərə start verib. Paytaxt təmsilçisi icarə əsasında heyətdə yer alan paraqvaylı vinger Luis Ortis ilə yolları ayırmaq qərarına gəlib.
Komandanın baş məşqçisi Yuri Vernidubun planlarına daxil olmayan 25 yaşlı futbolçu ilə müqavilə müddətinin uzadılmayacağı dəqiqləşib.
Ortisin gedişindən sonra hücum xəttini gücləndirmək istəyən “ağ-qaralar” bir neçə ön xətt oyunçusu ilə aktiv danışıqlar aparır. “Neftçi”nin transfer siyahısında ilk sıralarda qərarlaşan adlardan biri isə ispaniyalı hücumçu Dani Qomesdir.
Ötən mövsümü İspaniya təmsilçisi “Saraqosa”da keçirən və hazırda azad agent statusu daşıyan təcrübəli forvardın transferi reallaşarsa, “Neftçi”nin hücum potensialının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Klub rəhbərliyi transfer pəncərəsi bağlanana qədər hücum xəttini tamamilə komplektləşdirməyi hədəfləyir.