DÇ-nin C qrupunun ikinci turunda Şotlandiya və Mərakeş yığmaları qarşı-qarşıya gəlib. İlk oyundakı qələbədən sonra qrup lideri kimi meydana çıxan şotlandlara pley-off yolunda heç-heçə də bəs edirdi. Lakin start fiti ilə bütün planlar alt-üst oldu.
Matçın startından cəmi iki dəqiqə keçmişdi ki, Mərakeş hesabı açdı: cərimə meydançasında topla buluşan Saybari yaxın doqquzluğa güclü zərbə ilə Şotlandiyanı şoka saldı (0:1). Oyuna müdafiə planı ilə çıxan britaniyalılar erkən qoldan sonra özlərinə gələ bilmədilər. Şotlandlar ilk hissədə rəqib qapısına demək olar ki, təzyiq edə bilmədi. Yeganə qeyri-dəqiq zərbəni yalnız artırma dəqiqələrində Makginn vurdu. Mərakeş oyuna tam nəzarət edirdi. İlk hissədə El-Aynaui və El-Xannus real qol şanslarını boşa verdilər.
İkinci hissənin startı isə hakim qalmaqalı ilə yadda qaldı. Makginn Mərakeşin cərimə meydançasında yerə yıxılsa da, özbəkistanlı referi İlgiz Tantaşev epizodu davam etdirdi, baxmayaraq ki, təkrar kadrlar penalti üçün əsas olduğunu göstərirdi.
Bu epizoddan dərhal sonra Mərakeş matça nöqtə qoya bilərdi. Ancaq Saybarinin zərbəsindən sonra top tirə dəydi. Bir dəqiqə sonra isə şotlandların qapıçısı Qann, El-Xannusun yaxın məsafədən baş zərbəsini möcüzəvi şəkildə dəf etdi.
Oyundakı su fasiləsi və ardıcıl əvəzetmələr matçın tempini aşağı salsa da, son 10 dəqiqədə Şotlandiya böyük qüvvə ilə irəli atıldı. Lakin Mərakeş müdafiədə etibarlı oynayaraq hesabı qorumağı bacardı. Saybarinin qolu Mərakeşə qrupdan çıxmaq yolunda qızıl dəyərində 3 xal qazandırdı.
Dünya kuboku. C qrupu, 2-ci tur
Şotlandiya – Mərakeş 0:1
Qol: Saybari, 2 (0:1)
Baş hakim: İlgiz Tantaşev (Özbəkistan)
Stadion: Gillette Stadium (Foksboro)
Şotlandiya: Qann, Xenli, Xendri, Robertson, Tirni (Qennon-Doak, 60), Patterson (Ralston, 89), Maktominey, Ferqyuson, Makginn, Kristi (Maklin, 72), Adams (Dayks, 72).
Mərakeş: Bunu, Hakimi, Diop, Riad, Mazraui, El-Aynaui, Buaddi, Unai (El Murabet, 90), El-Xannus (Talbi, 84), Saybari (Rahimi, 84), Dias (Amaymuni, 84).
Xəbərdarlıqlar: Robertson, 66 – Diop, 23.