Argentina yığmasının mundialdakı çıxışı fonunda Federal Təhqiqat Bürosu (FTB) ölkənin Futbol Assosiasiyası ilə bağlı araşdırmalara başlayıb. Qurum rəhbərliyinin çirkli pulların yuyulmasında əli ola biləcəyinə dair ciddi şübhələr var.
Argentina yığması hakim qərarları ilə bağlı mübahisəli məqamlara baxmayaraq, Dünya Çempionatının 1/4 finalına vəsiqə qazanıb. Lakin hazırda yerli federasiyanı narahat edən əsas məsələ bu deyil.
Argentina Futbol Assosiasiyası ABŞ hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. FTB və ABŞ Ədliyyə Nazirliyinin prokurorları qurumun beynəlxalq maliyyə əməliyyatları ilə bağlı ilkin təhqiqata start verib.
Xarici mətbuatın məlumatına görə, müstəntiqlər ABŞ bankları və şirkətləri vasitəsilə həyata keçirilən pul köçürmələrini araşdırırlar. Məlumata görə, bu əməliyyatlar çərçivəsində çirkli pulların yuyulması kimi maliyyə cinayətlərinə yol verilmiş ola bilər. Qeyd olunur ki, qalmaqalda argentinadan olan biznesmen Gilyermo Tofoninin də adı hallanır. O, artıq iki saat davam edən dindirilməyə cəlb olunub.
Qeyri-rəsmi mənbələr təhqiqatın ümumi dəyəri 300 milyon dollardan çox olan əməliyyatları əhatə etdiyini bildirir. Hazırda ilkin mərhələdə olan proses çərçivəsində müstəntiqlər sübutlar toplamaqda davam edirlər.