Misir Futbol Assosiasiyası (MFA) Argentinaya qarşı keçirilən gərgin matçda baş verən hakim qərarlarından narazılığını rəsmi müstəviyə daşıyıb. Görüşdə Misirin qolunun ləğv edilməsi və əlavə olunan vaxtda təyin olunmalı olan penaltinin verilməməsi ölkədə böyük etiraza səbəb olub.
Məsələ ilə bağlı xarici mətbuata açıqlama verən MFA-nın prezidenti Hani Abo Rida, qarşılaşmanın baş hakimi – fransalı Fransua Leteksye və onun köməkçiləri ilə bağlı FIFA-ya rəsmi şikayət ünvanladıqlarını bildirib.
“Biz hakim briqadasının fəaliyyətindən rəsmi şikayət vermişik və matç zamanı nəzərə alınmayan bir sıra epizodlarla bağlı dərhal araşdırma aparılmasını tələb etmişik”, — deyə Rida Misirin “WinWin” telekanalına müsahibəsində vurğulayıb.
Assosiasiya rəhbəri, həmçinin Fransadan olan hakim briqadasının matç boyunca kobud səhvlərə yol verdiyini iddia edərək, onların mundialın qalan oyunlarından kənarlaşdırılmasını tələb edib.