“Mingəçevir” klubunda maliyyə böhranı getdikcə daha ciddi xarakter alır. Bir neçə aydır futbolçularına maaş ödəyə bilməyən klub indi də baş məşqçi Elman Sultanovla yollarını ayırıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Maliyyə problemləri artıq komandanın fəaliyyətinə də ciddi təsir göstərir. Belə ki, aylardır əməkhaqqı ala bilməyən futbolçular I Liqanın VII turunda “Şahdağ Qusar”la oyuna çıxmaqdan imtina edərək görüşü boykot ediblər. Nəticədə AFFA İntizam Komitəsi “Mingəçevir”ə texniki məğlubiyyət verib.
Klub üçün təhlükə bununla bitmir. Qarşıdakı turlardan birində daha bir texniki məğlubiyyət qeydə alınarsa, komanda çempionatdan kənarlaşdırılacaq və II Liqaya göndəriləcək.
Beləliklə, vaxtilə Azərbaycan futbolunun ənənəvi klublarından biri olan “Mingəçevir” indi təkcə idman nəticələri uğrunda deyil, mövcudluğunu qorumaq uğrunda da mübarizə aparır. Klubun maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi və futbolçuların aylarla maaşsız qalması onun gələcəyini ciddi sual altına qoyub.