İtaliya millisinin sabiq futbolçusu, DÇ-2006-nın qalibi Marko Materatsi futbol tarixinin ən yaddaqalan qalmaqallarından biri – Zinəddin Zidanın mundialın finalında ona baş zərbəsi endirməsi barədə yenidən danışıb.
O, Millətlər Liqasında İtaliya – Fransa oyunu zamanı “La Gazzetta dello Sport”a müsahibəsində həmin hadisəni xatırlayıb. Materatsi bir neçə il sonra Zidanla görüşərək barışmağa çalışdıqlarını, lakin fransalı keçmiş futbolçunun sonradan bu görüşlə bağlı dediklərini inkar etdiyini bildirib.
Xatırladaq ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının finalında əlavə vaxtda Zidanla Materatsi arasında sözlü mübahisə yaranıb. Nəticədə fransalı futbolçu rəqibinin sinəsinə baş zərbəsi endirib. Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alan Zidan futbolçu karyerasını da həmin qarşılaşmada başa vurub. İtaliya isə penaltilər seriyasında qalib gələrək tarixində dördüncü dəfə dünya çempionu olub.
Zidan bu yaxınlarda həmin hərəkəti ilə fəxr etmədiyini, lakin peşman da olmadığını söyləyib. Materatsi isə bu açıqlamanı ziddiyyətli hesab edir. İtaliyalı keçmiş müdafiəçi fikirlərini əsaslandırarkən ispaniyalı qapıçı Xesus de Miquelin ölümünü də xatırladıb. O, həmin hadisənin futbol meydanındakı aqressiyanın mümkün nəticələrini bir daha düşündürdüyünü bildirib: “Xesus de Miquelin ölümü məni Allaha şükür etməyə vadar etdi ki, həmin vaxt mənim başıma heç nə gəlmədi. Qapıçı oyun zamanı etdiyi bir sürüşmə hərəkətinə görə ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur. Bəs Zidanın zərbəsindən sonra mənim başıma nəsə gəlsəydi, necə olardı?”
Materatsi Zidanla 2010-cu ilin noyabrında Milandakı “Meliá” hotelində, “Milan” – “Real” Çempionlar Liqası matçından əvvəl görüşdüyünü də açıqlayıb. Onun sözlərinə görə, həmin vaxt onlar əl sıxaraq keçmişdə baş verənləri arxada qoymağa çalışıblar: “Mourinyo ilə sağollaşıb hoteldən çıxırdım. Bu vaxt Zidan avtomobilini hotelin arxasında saxladı. Məni görəndə bir qədər tərəddüd etdi, hətta sanki geri qayıtmaq istəyirmiş kimi dönüb baxdı. Mən isə ona yaxınlaşaraq əlimi uzatdım. Dedim ki, heç kimin bizi görmədiyi bir yerdə rastlaşmağımıza şadam. O da cavab verdi: “Narahat olma, belə şeylər olur. Artıq keçmişdə qalıb”.
İtaliyalı sabiq futbolçu sonradan Zidanın bu görüşü inkar etməsindən təəssüfləndiyini bildirib: “Təəssüf ki, sonradan hər şeyi inkar etdi və guya məni özünün azarkeşi hesab etdiyini söylədi. Halbuki mənim barışmaqla bağlı heç bir problemim yox idi. Yəqin ki, onun karyerasını belə dramatik şəkildə başa vurması sonradan fikrini dəyişməsinə səbəb oldu. Hərçənd, “dramatik” sözü də bəlkə tam yerinə düşmür. Bu, mənim ilk təxribatım deyildi, amma onun da ilk baş zərbəsi deyildi. O, həmişə təmkinli davranırdı”. 2006-cı il dünya çempionatının finalında İtaliya Fransanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edib. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatmışdı.