“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi gözlənilməz dələduzluq ittihamı ilə üzləşib. “VID” promouter şirkəti həm futbolçuya, həm də Argentina Futbol Assosiasiyasına (AFA) qarşı milyonlarla dollar dəyərində məhkəmə iddiası qaldırıb.
Məhkəmə davasına səbəb ötən ilin oktyabr ayında Venesuela yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə Messinin iştirak etməməsi nəticəsində şirkətin üzləşdiyi ciddi maliyyə itkiləridir.
Müqavilə şərtlərinə görə, Messi zədəli olmadığı təqdirdə matçda azı 30 dəqiqə meydanda olmalı idi. Lakin heç bir fiziki məhdudiyyəti olmamasına rəğmən, ulduz futbolçu həmin qarşılaşmada yaşıl meydanda görünməyib. Şirkət rəsmiləri bu addımı müqavilə öhdəliklərinin kobud şəkildə pozulması kimi qiymətləndirirlər.
Hazırda qarşı tərəfdən tələb olunan təzminatın dəqiq məbləği rəsmi olaraq açıqlanmasa da, söhbətin milyonlarla dollarlıq maliyyə itkisindən getdiyi bildirilir.