Canlı əfsanə Lionel Messi növbəti dəfə dünya çempionatlarının tarixinə adını qızıl hərflərlə yazdırır. 39 yaşlı superulduzun çempionatdakı inanılmaz çıxışını təsvir etməyə artıq söz tapılmır. Argentina millisinin mutlaq lideri cari turnirdə meydanı qolsuz tərk etmir; onun aktivində artıq 7 qol var və o, bombardirlər yarışına təkbaşına başçılıq edir.
“Albiseleste”nin kapitanı pley-offun əvvəlki mərhələsində – Avstraliya ilə görüşdə dünya çempionatlarındakı 17-ci qolunu vuraraq mundiallar tarixinin ən sərrast futbolçusu ünvanını ələ keçirmişdi. Ən təqdirəlayiq məqam isə odur ki, dahi onluq bu rekordu hər matçda daha da təkmilləşdirməkdə davam edir.
Messinin növbəti qurbanı Kabo-Verde millisi oldu. Komandasının 3:2 hesablı çətin qələbə qazandığı dramatik qarşılaşmada da fərqlənən ulduz hücumçu unikal bir seriyaya imza atıb. Statistikalar dərhal yenilənib: bu, Messinin dünya çempionatlarında ardıcıl çıxdığı 8-ci matçda qol vurur! O, bu fantastik seriyanın əsasını Qətərdəki tarixi çempionatda — pley-offun bütün mərhələlərində qol vurmaqla qoymuşdu.
Futbolun ali qurumu da bu tarixi hadisəyə səssiz qala bilməyib. FİFA-nın rəsmi “X” (keçmiş “Twitter”) hesabında paylaşılan bəyanatda bu rekord belə ifadə olunub: “Dünya çempionatları tarixində ardıcıl 8 matçda qol vurmağı bacaran yeganə futbolçu… Lionel Messi!”