Lionel Messinin Argentina millisindəki möhtəşəm dövrü rəsmən başa çatıb. 18 yaşında başlanan və düz 21 il davam edən bu unikal yığma karyerası bazar ertəsi paylaşılan rəsmi açıqlama ilə tarixə qovuşub.
2005-ci il avqustun 17-də Macarıstana qarşı yoldaşlıq oyununda əsas komandada debüt edən ulduz futbolçu bu ilin yayında İspaniyaya qarşı keçirilən mundialın final görüşü ilə millinin formasına vidalaşıb.
Messi milli komanda səviyyəsində qırılması mümkünsüz görünən rekordla imza atıb: Argentina 207 oyun, 125 qol və 68 məhsuldar ötürmə.
Karyerasının son dönəmi isə illərlə həsrətində olduğu böyük kuboklarla yadda qalıb. 2021 və 2024-cü illərdə Amerika Kuboku, həmçinin 2022-ci ildə Dünya Kuboku triumfu onun beynəlxalq uğurlar tacı olub.
Milli komanda səviyyəsindəki bu zəngin miras, eyni zamanda, futbol tarixində bir dövrə damğa vuran əfsanəvi rəqabəti yenidən xatırladır. Təqribən iyirmi il ərzində Lionel Messi və Kriştianu Ronaldu futbol tarixində misli görünməyən bir rəqabətə imza atdılar. İspaniya La Liqasında çıxış etdikləri dövrdə klubların rekordlarını bir-bir yeniləyən bu ikili növbə ilə dünyanın ən yaxşısı adını qazandı.
Maraqlıdır ki, Messi DÇ-2018-in startı ərəfəsində verilən sualda “ən yaxşı” müzakirələrinə qoşulmaqdan imtina etmişdi. Həmin dövrdə həm argentinalı ulduzun, həm də portuqaliyalı hücumçunun hesabında hərəyə 5 “Qızıl top” var idi. Bu gün isə Messi yığma karyerasını bütün mümkün zirvələri fəth edərək tamamlayır.
“Paper Magazine”yə müsahibəsində argentinalı ulduz özünü heç vaxt bütün zamanların ən yaxşısı hesab etmədiyini deyib: “Mən özümü ən yaxşı hesab etmirəm, sadəcə başqa bir oyunçuyam. Matç başlayanda meydanda hamımız eyniyik. Illər keçdikcə anladım ki, arzuların ehtirasa çevrilməsi yaxşı hal deyil. Bu, yalnız təzyiqi artırır və məqsədlərə çatmaq ehtimalını azaldır”.
Həmin müsahibədə Leo həyatının çox hissəsini İspaniyada keçirməsinə baxmayaraq, vətəninin onun üçün nə demək olduğunu da dilə gətirib: “Çox kiçik yaşlarımda Argentinanı tərk etməli oldum və darıxdığım çox şey var. Gücümü bərpa etmək üçün fürsət düşən kimi ora qayıdıram və ümid edirəm ki, bir gün doğma yurdumda yaşaya biləcəyəm. Elə anlar olur ki, anlayırsan: ölkənin yaxşı tərəfləri sənə ən böyük xoşbəxtliyi, pis tərəfləri isə ən dərin ağrını bəxş edir”.