“İnter Mayami”nin ulduzu Lionel Messi MLS-in pley-off mərhələsində “Kolumbus Kryu” ilə oyunda emosiyalarına hakim ola bilməyib. Argentinalı futbolçu rəqib oyunçunun üzünə top atsa da, yalnız sarı vərəqə ilə cəzalandırılıb. Hakimin bu qərarı isə mübahisələrə səbəb olub.
Hadisə topun oyuna daxil edilməsi zamanı baş verib. Rəqib komandanın futbolçusu Qonsalo Tapia Messinin qarşısını kəsib. Buna əsəbiləşən argentinalı ulduz topu onun üzünə atıb. Zərbədən sonra yerə yıxılan Tapia üzünü tutaraq ağrı içində qalıb.
Baş hakim Allen Çepmen Messiyə sarı vərəqə göstərib. “The Guardian” nəşrinin məlumatına görə, hakim qərarını belə əsaslandırıb: “Tətbiq olunan fiziki təsir zəif idi və bu hərəkət zorakı davranış səviyyəsinə çatmırdı”.
“Kolumbus Kryu”nun baş məşqçisi Loran Kurto isə cəzanı yetərsiz hesab edib. Onun fikrincə, Messi meydandan qovulmalı idi: “Hər kəs bilir ki, o, sarı vərəqədən daha ağır cəzaya layiq idi. Bu, həqiqətən də təəssüf doğurur”.
Qeyd edək ki, hadisə baş verən zaman “İnter Mayami” 0:1 hesabı ilə geridə idi. İkinci hissədə daha fəal oyun sərgiləyən “Kolumbus Kryu” Qonsalo Tapiyanın da köməyi ilə üstünlüyünü artıraraq 3:0 hesablı qələbə qazanıb.
Komandalar MLS-in pley-off mərhələsində növbəti dəfə şənbə günü axşam qarşılaşacaqlar.
Lionel Messi takes a throw-in off Gonzalo Tapia's face pic.twitter.com/jX3tTuojHe
— Tom Bogert (@tombogert) November 22, 2026