“Real”ın ulduz futbolçusu Kilian Mbappe İspaniyanın Seuta şəhərinin sakinlərinə dəstək məqsədilə hazırlanan xüsusi köynəyi tam geyinməməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
“Real”ın “Elçe” ilə matçından əvvəl futbolçular Seutada baş verən faciə ilə bağlı həmrəylik nümayiş etdirmək üçün üzərində şəhərin adı yazılan köynəklərlə meydana çıxıblar. Lakin Mbappe, Vinisius Junior və İbrahima Konate köynəyi yalnız sinə hissəsinə qədər geyiniblər. Bu isə sosial şəbəkələrdə və yerli mediada tənqidlərə səbəb olub.
İspaniyanın “AS” nəşrinə danışan Mbappe hərəkətinin Seuta sakinlərinə qarşı olmadığını bildirib.
“İnsanların bunu düzgün başa düşməsi üçün məsələyə aydınlıq gətirmək istəyirəm. Bu köynəyi geyinmək klubun qərarı idi və biz, futbolçular, onu geyinməli idik”, – deyə fransalı hücumçu bildirib.
Mbappe eyni zamanda Seuta sakinlərinə tam dəstəyini ifadə edib və bölgədə ağır şəraitdə yaşayan miqrantları da unutmaq istəmədiyini vurğulayıb: “Əvvəlcə demək istəyirəm ki, Seutaya və bütün zərərçəkənlərə dərin hüznlə başsağlığı verirəm. Çünki futbolçu olmamışdan əvvəl mən insanam. Eyni zamanda iyulun sonunda İspaniyanın bu ərazisinə gələn və ağır şəraitdə yaşayan, eləcə də həyatını itirən miqrantlarla həmrəy olduğumu bildirmək istəyirəm”.
Mbappe qeyd edib ki, onun davranışı yanlış anlaşılaraq Seuta sakinlərinə qarşı münasibət kimi qəbul edilə bilərdi: “Bu, asan vəziyyət deyildi. İnsanlar mənim Seuta sakinlərinə qarşı olduğumu düşünə bilərdilər. Amma belə deyil. Onlara qarşı heç bir mənfi münasibətim yoxdur və onları 100 faiz dəstəkləyirəm. Sadəcə, bütün bu insanların yaşadığı əzabları da xatırlatmaq istədim. Mən insanam və insanların çəkdiyi əzabları bir-biri ilə müqayisə etmək istəmirəm”.