“Real”ın hücumçusu Kilian Mbappe komandasının “Rasinq”lə oyununda zərbə nəticəsində üzündən xəsarət alan azarkeşə dəstək olub. Fransalı futbolçu həmçinin komanda yoldaşı Orelyen Çuamenini zarafatla tənqid edərək balaca azarkeşin üzündə təbəssüm yaratmağı bacarıb.
Hadisə La Liqanın 11-ci turunun qarşılaşmasında, 50-ci dəqiqədə baş verib. Çuameni uzaq məsafədən qapıya zərbə endirsə də, top tribunaya uçaraq qapı arxasında əyləşən azarkeş Maksimonun üzünə dəyib. Zərbədən şoka düşən uşaq atasının qucağında ağlayıb. Həmin anlar televiziya kameralarına da düşüb.
“Real”ın 3:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra klub Maksimonu və atasını futbolçularla görüşdürüb. Çuameni şəxsən azarkeşdən üzr istəyib, onun vəziyyəti ilə maraqlanıb və avtoqraflı formasını hədiyyə edib.
Maksimonun atası oğlunun ciddi xəsarət almadığını bildirib: “Maksimonun vəziyyəti yaxşıdır. Sadəcə, hadisədən qorxmuşdu. İndi hər şey qaydasındadır”.
Görüş zamanı Mbappe də balaca azarkeşə yaxınlaşaraq onun vəziyyətini soruşub. Daha sonra Çuameniyə zarafatla söz atıb: “Necəsən? Hər şey qaydasındadır? Bütün bunların günahkarı Çuamenidir, elə deyilmi? O, qapıya zərbə vurmağı bacarmır”.
Fransalı hücumçunun bu sözləri Maksimonu və atasını güldürüb. Beləliklə, xoşagəlməz hadisə ilə başlayan gün balaca azarkeş üçün “Real” futbolçuları ilə unudulmaz görüşə çevrilib. O, Çuameninin imzaladığı formanı da özü ilə evə aparıb.
🚨🎥| Kylian Mbappé with the kid that took a ball to the face:
— Kalshi FC (@KalshiFC) November 1, 2026
"It's Tchouaméni's fault, he doesn't know how to shoot."😅
pic.twitter.com/mVss92Wjwq