Fransa millisinin ulduz futbolçusu Maykl Olise şəxsi həyatı ilə bağlı qalmaqallı iddialarla gündəmə gəlib.
Futbolçunun keçmiş sevgilisi Fatima Zaunbreher Almaniyanın “Bild” nəşrinə müsahibəsində Olise ilə iki il münasibətdə olduğunu və ondan qızı dünyaya gəldiyini bildirib. Onun sözlərinə görə, futbolçu atalığın müəyyənləşdirilməsi üçün DNT testindən sonra övladını rəsmən tanısa da, indiyədək 20 aylıq olan qızı ilə bir dəfə də olsun görüşməyib. Qadın iddia edir ki, tərəflər arasında bütün ünsiyyət yalnız vəkillər vasitəsilə aparılıb.
“İnsan öz övladına bu qədər laqeyd yanaşa bilərmi? Qızımın atası ilə tanış olmasını və ona layiqli aliment ödənilməsini istəyirəm”, – deyə 34 yaşlı Zaunbreher bildirib.
Almaniya mətbuatının məlumatına görə, “Bavariya”da illik təxminən 14 milyon avro qazanan Olisenin vəkilləri uşağın saxlanılması üçün “absurd dərəcədə aşağı” məbləğ təklif ediblər. Bu səbəbdən qadın məsələni ictimailəşdirmək qərarına gəldiyini deyib.
24 yaşlı Maykl Olise 2026-cı il dünya çempionatında Fransa millisinin yarımfinala yüksəlməsində mühüm rol oynayıb. Futbolçu hələlik səsləndirilən iddialara münasibət bildirməyib.