UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Sabah”ı qəbul edəcək “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik matçdan öncə təşkil olunan mətbuat konfransında təmsilçimiz barədə müsbət fikirlər səsləndirib. İngiltərəli mütəxəssis ikiillik fasilədən sonra qitənin ən nüfuzlu klub turnirinə qayıdışın əhəmiyyətindən, rəqibin gücündən və komandasını gözləyən gərgin təqvimdən danışıb.
Kerrik, debütant olmasına baxmayaraq, TNS, KuPS, “Orxus” və “Hapoel” kimi komandaları mübarizədən kənarlaşdıran “Sabah”ın son dövrdəki uğurlu qrafikinə və sistemli oyununa diqqət çəkib: “Düşünürəm ki, onlar çox yaxşı məşq keçən, nizam-intizamlı komandadır. Bunu açıq şəkildə görmək mümkündür. Müəyyən ideyaları və prinsipləri var, onları da ardıcıl şəkildə tətbiq edirlər. Son 12 ayda çoxlu matçlar qazandıqları üçün meydana böyük özünəinamla çıxırlar. Rəqib topu qəbul edib oyun qurmağı, xətlərarası yaxşı əlaqələr yaratmağı və komanda halında pressinq etməyi bacarır. Qarşımızda hansı gücün dayandığını və bizi nə kimi çətinliklərin gözlədiyini çox yaxşı anlayırıq”.
Futbolçu kimi 2008-ci ildə bu turnirin qalibi olan baş məşqçi, “qırmızı şeytanlar”ın yenidən elitaya qayıdışını “sehrli” adlandırıb. O, komandasının qitə miqyasında böyük hədəflər arxasınca getdiyini vurğulayıb: “Bura hamımızın olmaq istədiyi yerdir. Kənarda qalanda bu turnirin nə qədər özəl olduğunu daha yaxşı başa düşürsən. İllər ərzində burada çoxlu unudulmaz axşamlar yaşamışıq. Ən yaxşılarla mübarizə aparmaq üçün bundan gözəl meydan yoxdur. Bu klub illərlə zirvədə olmağa öyrəşib. Biz bura sadəcə ab-havadan zövq almaq üçün deyil, iş görməyə və addım-addım irəliləyərək bacardığımız qədər uzağa getməyə gəlmişik”.
Premyer Liqanın ilk üç turunda cəmi dörd xal toplayan “Mançester Yunayted”i həftəsonu “Mançester Siti”yə qarşı ağır derbi də gözləyir. Kerrik həftəiçi Çempionlar Liqası matçından dərhal sonra derbiyə çıxmağın ideal təqvim olmadığını gizlətməyib: “Düzdür, bəzi baxımdan bu təqvim ideal deyil, amma artıq bunu dəyişə bilmərik. Əlimizdəkindən maksimum yararlanmağa çalışacağıq. Bütün futbolçularıma güvənirəm”.
İngilis mütəxəssis, həmçinin, həftənin əvvəlində məşqi buraxan sol cinah müdafiəçisi Luk Şounun vəziyyətinə aydınlıq gətirib. Onun sözlərinə görə, ingilis futbolçunun zədəsi yoxdur, ona sadəcə əlavə istirahət və bərpa günü verilib.
Komandanın yeni transferi Brayan Mbeumo isə mətbuat konfransında iştirak edərək “Mançester Yunayted” forması ilə Çempionlar Liqasında debüt edəcəyi üçün böyük həyəcan və qürur duyduğunu diqqətə çatdırıb.İkiillik fasilədən sonra elit turnirə qayıdan “Mançester Yunayted” ilə qitənin ən nüfuzlu yarışında debüt edən “Sabah” arasındakı qarşılaşma cümə axşamı “Old Trafford” stadionunda keçiriləcək.