Futbolsevərlərin diqqəti bu axşam Masazıra yönələcək. Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” mövsümün ən vacib qarşılaşmalarından birinə çıxır. Paytaxt təmsilçisi I təsnifat mərhələsinin ilk oyununda Uels çempionu “Nyu-Sents”i sınağa çəkəcək.
Komandanı bu turnirə hazırlayan baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında “tələbələr” doğma divarlar arasında üstünlük qazanmağa çalışacaqlar. Masazırdakı “Bank Respublika Arena”da oynanılacaq matçın start fiti saat 20:00-da səslənəcək. Görüşün baş hakimi polşalı Patrik Qritskeviç olacaq.
Xatırladaq ki, mərhələnin taleyinə iyulun 14-də Osvestri şəhərində keçiriləcək cavab oyununda aydınlıq gələcək.