Dünya futbolunun canlı əfsanəsi, “Qızıl top” sahibi Marko van Basten son vaxtlar yaşıl meydanlardakı uğurları ilə deyil, şəxsi həyatındakı qorxulu anlarla gündəmə gəlib. RTL Boulevard-a verdiyi müsahibədə sabiq ulduz, bir italyan qadın tərəfindən sistemli şəkildə təqib edildiyini və ailəsinin hədəfə alındığını bildirib.
Van Bastenin sözlərinə görə, təqibçi qadın onun və ailəsinin ətrafında əsassız və qəribə şayiələr yaymaqla məşğuldur. Futbolçu hadisənin ciddiyyətini bu sözlərlə ifadə edib: “Bu, ruhi vəziyyəti yerində olmayan bir italyan qadındır. O, həyat yoldaşımın mənə xəyanət etdiyini və guya daxilinə şeytan girdiyini iddia edir. Hətta uşaqlarımın mənə mənfi təsir göstərdiyini deyir. Qadın göylərlə təmasda olduğuna və məni “şeytani qüvvələrdən” xilas etməli olduğuna inanır”.
Təqib bununla da bitmir. Van Basten qeyd edib ki, evinin ətrafına mütəmadi olaraq müxtəlif fotolar atılır. Bu fotolarda həyat yoldaşının başqa kişilərlə görüntüləndiyi iddia olunsa da, diqqətlə baxdıqda fotodakı şəxsin tamamilə başqa biri olduğu aydın görünür. Bu cür primitiv, lakin bezdirici manipulyasiya üsulları ailənin hüzurunu ciddi şəkildə pozub.
Vəziyyətin dözülməz həddə çatdığını görən van Basten ailəsi rəsmi şəkildə polisə müraciət edib. Əfsanəvi forvardın fikrincə, bu şəxs cəzadan daha çox, təcili tibbi yardıma və peşəkar həkim müdaxiləsinə ehtiyac duyur.
Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Azarkeşlər isə illərlə rəqib müdafiəçilərə qan udduran ulduzun bu “görünməz rəqibə” qarşı mübarizədə tezliklə qalib gələcəyinə ümid edirlər.