Braziliyalı sabiq futbolçu Mario Jardel karyerasının ən çətin dövrü, depressiya və narkotik asılılığı ilə mübarizəsi barədə danışıb.
53 yaşlı keçmiş hücumçu İtaliyanın “La Gazzetta dello Sport” qəzetinə geniş müsahibəsində həyatının qaranlıq səhifələrini açıb. Avropanın ikiqat “Qızıl buts” sahibi 2002-ci il dünya çempionatının heyətinə düşməməsinin onun həyatında dönüş nöqtəsi olduğunu etiraf edib.
Jardel həmin vaxt dünyanın ən yaxşı hücumçularından biri olsa da, Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari onu Cənubi Koreya və Yaponiyada keçirilən mundialın heyətinə daxil etməyib. Braziliyalı forvard bu qərardan sonra depressiyaya düşdüyünü, alkoqol və kokain asılılığı ilə üzləşdiyini bildirib.
“Skolarinin 2002-ci ildə məni milliyə niyə çağırmadığını hələ də anlaya bilmirəm. Həmin vaxt dünyanın ən yaxşı beş mərkəz hücumçusundan biri idim. O andan etibarən həyatım alt-üst oldu. Alkoqol, depressiya, kokain… Doza həddini aşdığım üçün az qala həyatımı itirəcəkdim”, – deyə Jardel xatırlayıb.
Halbuki braziliyalı futbolçu mundial ərəfəsində möhtəşəm formada idi. O, 2001/2002 mövsümündə “Sportinq”in heyətində 42 qol vuraraq ikinci dəfə Avropanın “Qızıl buts” mükafatına sahib çıxmışdı. Buna baxmayaraq, Skolari onu dünya çempionatına aparmamışdı.
“Depressiyaya düşdüm və həddindən artıq içki içməyə başladım. Dünya çempionatında oynamaq uşaqlıqdan ən böyük arzum idi. İlk həyat yoldaşım məni tərk etdi, uşaqların qəyyumluğu ilə bağlı problemlər yarandı. Hiss edirdim ki, hər şey əlimdən çıxır. Amma ən pisi hələ qarşıda idi”, – deyə sabiq hücumçu bildirib.
Jardelin sözlərinə görə, o, ilk dəfə 2003-cü ilin yayında kokain qəbul edib. Bundan sonra vəziyyəti daha da ağırlaşıb: “2003-cü ilin yayında kokain sınadım. Tətildə idim və dopinq yoxlaması olmadığı üçün bundan istifadə edə biləcəyimi düşünürdüm. Bu, xoşuma gəldi. Özümü daha canlı hiss edirdim, depressiya barədə düşünmürdüm. Bir dəfə düz bir həftə yatmadım. Sonra doza həddini aşdım və az qala ölürdüm. Yanımda olan dostum məni xilas etdi. Həmin an həyatımın ən dib nöqtəsinə çatdım”.
Bu hadisədən sonra peşəkar yardım almağa başlayan Jardel bir neçə ay psixiatrlarla müalicə və söhbət seansları keçib. Onun sağalmasında ikinci həyat yoldaşı Sandranın da mühüm rolu olub.
“Bir neçə ay psixiatrlarla görüşdüm. Nəhayət, ikinci həyat yoldaşım Sandra ilə tanış olduqdan sonra bütün bunlardan qurtula bildim. O, mənə həyatın mənasını yenidən anlamağa kömək etdi. Bu gün xoşbəxtəm”, – deyə braziliyalı vurğulayıb.
Jardelin karyerasında xoşagəlməz xatirələrlə yadda qalan ünvanlardan biri də İtaliyanın “Ankona” klubu olub. O, 2004-cü ilin əvvəlində İngiltərənin “Bolton” klubundakı uğursuz çıxışından sonra bu komandaya keçib. Lakin altı ay ərzində cəmi üç oyunda meydana çıxıb.
“Ankona” ilə bağlı yalnız pis xatirələrim qalıb. Altı ay maaş almadım, cəmi üç matçda oynadım. Komandada çoxlu futbolçu var idi, klub isə düzgün idarə olunmurdu. İlin sonunda müflis oldu. Məşqçilər Sonetti və Qaleone ilə münasibətlərim yaxşı idi, azarkeşlərlə isə vəziyyət tam fərqli idi”, – deyə Jardel bildirib.
O, İtaliya klubunun fanatları ilə münasibətlərinin niyə korlandığını da açıqlayıb. Sabiq futbolçunun sözlərinə görə, həmin vaxt artıq çəkisi və meydandakı bir anlaşılmazlıq azarkeşlərin ona münasibətinə təsir göstərib.
“31 yaşım var idi, artıq çəkidən əziyyət çəkirdim. Kimsə mənə ‘Lardel’ deyə müraciət etmişdi. Yəqin ki, ‘Peruca’ ilə oyundan əvvəl təqdimat zamanı səhv tribunaya əl etdiyim üçün belə olmuşdu. Hər iki tərəfdə eyni rənglər var idi və mən çaşmışdım. Bəzi azarkeşlər bu hərəkətimi təhqir kimi qəbul etdilər”, – deyə o xatırlayıb.
Jardelin “Ankona”ya keçidində məşhur futbol agenti Jorje Mendeşin də rolu olub. Braziliyalı həmin vaxt Mendeşin rəsmi müştərisi olmasa da, onunla yaxın dostluq münasibətlərinin olduğunu bildirib: “Jorje Mendeş yaxın dostum idi, amma agentim deyildi. İtaliyada əlaqələri var idi, adımı bir neçə agentə təklif etdi və beləliklə, ‘Ankona’ya gəldim. Müntəzəm oynaya biləcəyim və dünya çempionatını buraxmağın yaratdığı kabusdan qurtula biləcəyim klub axtarırdım. Ancaq mənəvi cəhətdən özümə gələ bilmədim”.
Hazırda Braziliyanın Fortaleza şəhərində yaşayan Jardel daşınmaz əmlaka investisiya yatırır. O, həyatından razı olduğunu, boş vaxtlarını əsasən çimərlikdə keçirdiyini, bununla belə, İtaliya üçün darıxdığını söyləyib.
Mario Jardel kimdir?
Mario Jardel 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Avropanın ən məhsuldar hücumçularından biri olub. Xüsusilə “Portu”dakı çıxışı ilə tanınan braziliyalı 1996–2000-ci illərdə bu klubun formasını geyinib. Güclü baş zərbələri və yüksək qol göstəricisi ilə seçilən forvard iki dəfə – 1999 və 2002-ci illərdə Avropanın “Qızıl buts” mükafatını qazanıb.
O, “Portu” ilə dörd dəfə Portuqaliya çempionu olub. 2000-ci ildə “Qalatasaray”ın heyətində UEFA Superkubokunu qazanan Jardel “Real”la finalda (2:1) komandasının hər iki qolunu vurub.
2001/2002 mövsümündə “Sportinq”in heyətində çempionatda 42 dəfə fərqlənərək komandasının Portuqaliya çempionluğunda əsas pay sahiblərindən birinə çevrilib. Lakin möhtəşəm statistikasına baxmayaraq, 2002-ci il dünya çempionatına aparılmaması onun həm karyerasında, həm də şəxsi həyatında ciddi enişin başlanğıcı olub.