“Mançester Yunayted” baş məşqçisi Maykl Kerriklə yollarını ayırıb. İngiltərə klubu 45 yaşlı mütəxəssisin vəzifəsindən ayrıldığını rəsmən təsdiqləyib. “Mançester Yunayted”in rəsmi saytında yayılan açıqlamada bildirilib: “Klub Maykl Kerrikin baş məşqçi vəzifəsindən ayrıldığını təsdiqləyir”.
Son vaxtlar uğursuz cxış edən komanda son 15 oyunda cəmi 3 qələbə qazanıb. Premyer Liqada keçirdiyi 10 qarşılaşmada 8 xal toplayan “qırmızı şeytanlar” turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Çempionlar Liqasında da komandanın çıxışı gözləntiləri doğrultmayıb.
Kerrik 2026-cı ilin yanvarında komandaya müvəqqəti baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında Premyer Liqada 17 oyunun 12-də qələbə qazanan “Mançester Yunayted” 2026-cı ilin mayında mütəxəssislə ikiillik müqavilə imzalamışdı.
Kerrik futbolçu kimi də uzun illər “Mançester Yunayted”in formasını geyinib. Klub onunla vidalaşarkən bu sözləri işlədib: “Maykl bizim üçün həmişə ‘Mançester Yunayted’in əfsanəsi olub və belə də qalacaq”.
İngiltərə təmsilçisi daimi baş məşqçi təyinatını mümkün qədər tez reallaşdırmaq niyyətindədir. Bu posta əsas namizəd kimi ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino göstərilir. Transfer jurnalisti Florian Plettenberqin məlumatına görə, argentinalı mütəxəssisin təyinatı demək olar ki, dəqiqləşib.
Bununla belə, “Mançester Yunayted” Poçettinonu vəzifəsindən azad etmək üçün təxminən 10 milyon dollar (təqribən 9 milyon avro) təzminat ödəməli olacaq.
54 yaşlı mütəxəssis daha əvvəl İngiltərədə “Tottenhem”i də çalışdırıb.