“Mançester Siti” ətrafında yaranan maliyyə qalmaqalı Britaniyanın Baş naziri Endi Börnhemlə bağlı siyasi mübahisəyə də yol açıb.
Müstəqil komissiyanın klubun Premyer Liqanın maliyyə qaydalarını 114 dəfə pozduğunu müəyyən etməsindən sonra Börnhemin “Mançester Siti”nin sahibləri – Abu Dhabi United Group (ADUG) ilə əlaqələri gündəmə gəlib.
Liberal Demokratlar Partiyasının nümayəndəsi Anna Sabin baş nazirdən ADUG və “City Football Group” rəsmiləri ilə keçirdiyi görüşlər, qəbul etdiyi hədiyyələr və göstırilın qonaqpərvərlik barədə məlumatları açıqlamasını tələb edib.
Sabin Börnhemin Böyük Mançester meri olduğu 2017–2026-cı illərdə klubun sahibi Xaldun Əl-Mübarəklə, ADUG, “City Football Group” və BƏƏ hökumətinin nümayəndələri ilə təmaslarının araşdırılmasının vacib olduğunu bildirib.
Mübahisə Börnhemin “Mançester Siti”nin sahiblərinin klubdan ayrılmasından narahat olacağını söyləməsindən sonra daha da böyüyüb. Baş nazir daha sonra bu məsələdə neytral mövqe tutmalı olduğunu etiraf edərək açıqlamasına görə üzr istəyib.
Börnhemin klubla əlaqələri onun merliyi dövrünə gedib çıxır. O, həmin illərdə “Mançester Siti”nin sahibləri ilə əməkdaşlıq edib və “Etihad” stadionunda VIP lojada komandanın oyunlarını izləyib.
Beləliklə, “Mançester Siti”nin maliyyə işi futbol çərçivəsindən çıxaraq siyasi müzakirəyə də çevrilib. Hazırda Börnhemdən klubun sahibləri ilə əvvəlki təmasları, hədiyyələri və qonaqpərvərlikləri barədə daha ətraflı məlumatın açıqlanması tələb olunur.