Hazırda icarə əsasında “Qəbələ”-nin uğurları üçün tər tökən Turan Manafovun gələcək taleyi bəlli olub. 27 yaşlı sol cinah müdafiəçisi icarə müddəti bitdikdən sonra müqavilə ilə məxsus olduğu Cənubi Afrikanın “Stellenboş” klubuna geri dönəcək.
Qış transfer pəncərəsində 4 aylıq müddətə “radarlar”ın heyətinə qoşulan Manafov üçün Qəbələdə işlər planlaşdırıldığı kimi getməyib. Ağır zədədən əziyyət çəkən futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələ də qeyri-müəyyən olaraq qalır. Tibbi heyətin ilkin proqnozlarına görə, müdafiəçinin cari mövsümdə yenidən forma geyinməsi real görünmür.
Məlumata görə, Manafovun özü də icarə müqaviləsi başa çatdıqdan sonra CAR-a qayıtmaqda israrlıdır. Futbolçu legioner həyatını davam etdirərək, “Stellenboş”un heyətində əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir.
Turan Manafov ötən ilin sentyabr ayında azad agent statusu ilə Cənubi Afrika klubuna transfer olunmuşdu. Onun “Stellenboş” ilə hazırkı müqaviləsi 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub.