Millinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” Polşa çempionatında növbəti məğlubiyyətini alıb. Çenstoxova təmsilçisi bu dəfə səfərdə “Krakoviya”ya 1:2 hesabı ilə boyun əyib.
Mahir görüşə start heyətində başlayıb və sonadək meydanda mübarizə aparıb. Ümumi məğlubiyyətə baxmayaraq, Emreli qonaqların heyətində ən fəal oyunçulardan biri olub.
Lakin “Rakuv”un daxili çempionatdakı hazırkı vəziyyəti olduqca acınacaqlıdır. Cari mövsümdə keçirdiyi ardıcıl üç matçın hamısında uduzan komanda hələ də xal üzünə həsrətdir və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Uğursuz nəticələr fonunda baş məşqçi David Kroçekin postu ciddi təhlükə altındadır. Hazırda mütəxəssisin xilaskarına çevrilə biləcək yeganə müsbət məqam komandanın avrokuboklardakı çıxışıdır. Belə ki, “Rakuv” ötən mərhələdə İsveçin “Hammarbü” klubunu mübarizədən kənarlaşdıraraq UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağı bacarıb. Yenə də çempionatdakı uğursuz seriyanın davam etməsi klub rəhbərliyini tezliklə radikal qərarlar qəbul etməyə vadar edə bilər.