UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Fənərbaxça”nın “Lion” üzərində qələbəsindən sonra meydandan kənarda xoşagəlməz insident yaşanıb. Qarşılaşmanın yekun fitindən sonra bir neçə futbolçu və məşqçi arasında kütləvi qarşıdurma baş verib.
İnsidentin mərkəzində isə “Fənərbaxça”nın fransalı yarımmüdafiəçisi Matteo Genduzi olub. “Lion” üzərində qələbədən sonra emosiyalarını cilovlaya bilməyən futbolçu rəqib azarkeşlərin qarşısında qıcıqlandırıcı hərəkətlər edib. Genduzi daha sonra kameraya tərəf dönərək “Allez OM!” (“İrəli, Marsel!”) deyə qışqırıb.
Fransalı futbolçunun “Marsel”lə xüsusi əlaqəsi var. O, iki mövsüm “Lion”un əsas rəqiblərindən biri olan bu klubun formasını geyinib. Buna görə də onun davranışı “Lion” tərəfinin kəskin reaksiyasına səbəb olub.
Genduzi futbolçuların keçid etdiyi dəhlizdə sevincini davam etdirərkən isə vəziyyət daha da gərginləşib. “L’Équipe” nəşrinin məlumatına görə, “Lion”un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra ona tərəf hücum edib. Müdaxiləyə baxmayaraq, bir neçə futbolçu və komanda əməkdaşı da qarşıdurmaya qoşulub və tərəflər arasında əlbəyaxa dava yaşanıb.
“Lion”un yarımmüdafiəçisi Korenten Tolisso baş verənlərə münasibət bildirərək insidenti pisləyib:
“Mən bunu böyük təəssüf doğuran hadisə hesab edirəm. Xüsusilə “Lion” və Çempionlar Liqasının pley-off mərhələsi ilə bağlı futbolda gğstərmək istədiyimiz görüntü bu deyil”.
Klubun idman direktoru Matye Lui-Jan da hadisənin qəbuledilməz olduğunu bildirib: “Sonda hər şey çox aqressiv xarakter aldı. Baş verənlər normal deyil. Hadisəni ətraflı şəkildə təhlil etmək üçün vaxt ayıracağıq”.
RMC Sport isə “Lion”un məşqçilər korpusunun əməkdaşlarından birinin qarşıdurma zamanı xəsarət aldığını yazıb. Qeyd edək ki, “Fənərbaxça” iki oyunun nəticəsinə əsasən “Lion”u 3:2 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Qarşıdurmanın episentrində yer alan Matteo Genduzi isə daha əvvəl iki mövsüm “Marsel”in formasını geyinib.