“Qarabağ”dan Ukraynanın “Polissya” klubuna transfer olunan cinah hücumçusu Leandro Andrade “Köhlən atlar”la və ailəsi kimi gördüyü Bakı şəhəri ilə vidalaşıb.
26 yaşlı futbolçu “Instagram” hesabında paylaşım edərək Ağdam klubundakı dövrünü dəyərləndirib: “Artıq “Qarabağ“la vidalaşmaq vaxtıdır. Bu addımı atmaq mənə çətin olsa da, geridə qalan dörd il yarımı bir sözlə ifadə edə bilərəm: Unudulmaz!
Mənə bu şansı yaradan məşqçilər heyətinə, ilk gündən mənə evimdəki kimi hiss etdirən komanda yoldaşlarıma sonsuz təşəkkürümü bildirirəm. Burada ömürlük dostlar qazandım. Dəstəyini heç vaxt əsirgəməyən və mənə hər zaman doğma münasibət bəsləyən azarkeşlərimizə isə xüsusi minnətdaram. ‘Qarabağ’a və burada çalışan hər kəsə ən xoş arzularımı çatdırıram. Sağ ol, Bakı! Sağ ol, ailəm!”