Koreya millisinin Qvadalaxaradakı təlim-məşq bazasında baş verən insident dünya çempionatını işıqlandıran koreyalı jurnalistlər üçün baha başa gəlib. Açıq məşq zamanı mikrofonun açıq qaldığından xəbərsiz olan müxbirlərin öz aralarındakı söhbət səs yazısına düşüb və böyük qalmaqala səbəb olub.
Jurnalistlərin komandanın kapitanı Son Hın Minin hərbi xidmət müddəti ilə bağlı istehzalı ifadələr işlətməsi internetdə sürətlə yayılaraq futbol ictimaiyyətinin kəskin etirazına səbəb olub: “Özünü elə aparır, elə bil indicə ordudan qayıdıb. Kapitan olduğuna görə belə edir? Axı o, tam hərbi xidmət belə keçməyib”.
Kapitanlarına dəstək nümayiş etdirən yığmanın üzüvləri yerli mətbuata qarşı boykot elan edib. Çexiya üzərində qazanılan qələbədən (2:1) sonra, adətən mətbuatı heç vaxt cavabsız qoymayan Son Hın Min, bu dəfə mikst-zonada jurnalistlərin yanından sadəcə salamlaşaraq ötüb keçib. Oyunun qəhrəmanı Hvan In Bomun iştirakı ilə keçirilməli olan mətbuat konfransı isə ləğv edilib. Rəsmi səbəb “qrafik sıxlığı” göstərilsə də, bunun futbolçuların şəxsi qərarı olduğu məlum olub. Yaranmış gərginlik və media ilə münasibətlərin korlanmasına görə komandanın mətbuat katibi məsuliyyəti üzərinə götürərək istefa verib.
Koreya Futbol Federasiyası rəsmiləri insidentə sərt reaksiya verib. Rəsmi brifinqlərin birində əcnəbi media nümayəndələrindən zalı tərk etmək xahiş olunub və yerli jurnalistlərlə qapalı qapılar arxasında ciddi “tərbiyəvi” söhbət aparılıb.
Hadisənin şahidi olan ESPN Mexico-nun müxbiri Xesus Bernal düşərgədəki vəziyyəti belə təsvir edib: “Bizə zalı tərk etmək deyiləndə şoka düşmüşdük. Lakin sonradan öyrəndik ki, federasiya rəsmiləri öz jurnalistlərini kəskin tənqid ediblər. Komanda düşərgəsindəki gərginlik pik həddədir”.Məsələ ilə bağlı Jurnalistlər Həmkarlar İttifaqı da rəsmi bəyanat yayıb.