Bu axşam UEFA Konfrans Liqasında keçiriləcək dörd qarşılaşma yarımfinalçıların adlarını müəyyənləşdirəcək. Lakin ilk oyunların nəticələri meydan sahiblərini olduqca çətin və demək olar ki, “imkansız” bir missiya ilə üz-üzə qoyub. Azarkeşləri bir sual düşündürür: bu axşam Avropada tarixi bir geri dönüş şahidi olacağıq, yoxsa favoritlər üstünlüklərini qoruyacaq?
Günün ilk startı Niderlandda veriləcək. “Alkmaar” öz meydanında Ukrayna təmsilçisi “Şaxtyor”u qəbul edir. İlk görüşdə səfərdə 0:3 hesablı gözlənilməz məğlubiyyət alan niderlandlılar, yarımfinala yüksəlmək üçün ən azı üç cavabsız qol vurmalıdırlar. “Şaxtyor”un təcrübəsi və əks-hücum taktikası qarşısında bu, olduqca çətin görünür, lakin “Alkmaar”ın hücum potensialı erkən qol taparsa, oyunun axarı dəyişə bilər.
Gecənin digər iki qarşılaşmasında da oxşar mənzərə hökm sürür. Yunanıstanda AEK İspaniya təmsilçisi “Rayo Valekano”nu, İtaliyada isə “Fiorentina” İngiltərənin “Kristal Pelas” klubunu qəbul edəcək.
Yunan azarkeşlərin yaratdığı atmosfer rəqib üçün hər zaman təzyiq deməkdir. Lakin 3 topluq fərqi qorumağa çalışan ispanların intizamlı müdafiə xətti AEK üçün ciddi maneə olacaq.
Turnirin favoritlərindən sayılan “Bənövşəyilər” Londondakı 0:3-lük məğlubiyyətin qisasını almağa çalışacaq. Premyer Liqa təmsilçisi isə fiziki gücü ilə bu üstünlüyü əldən verməmək niyyətindədir.
Fransada ümidlər hələ tükənməyib! “Strasbur” öz meydanında “Maynts” səddini keçməyə çalışacaq. İlk oyundakı 0:2 hesablı məğlubiyyət meydan sahibləri üçün çətin görünsə də, mümkünsüz deyil. İki topluq fərq futbolun ən “təhlükəli” hesablarından biri sayılır və fransızlar erkən qol tapa bilsələr, bu duelin taleyi tamamilə dəyişə bilər.
Konferrnsiya Liqası. 1/4 final, cavab oyunları
20:45 Alkmaar (Niderland) – Şaxtyor (Ukrayna)
23:00 AEK (Yunanıstan) – Rayo Valekano (İspaniya)
23:00 Strasbur (Fransa) – Maynts (Almaniya)23:00 Forentina (İtaliya) – Kristal Pelas (İngiltərə)