“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın açılış turunda “Turan Tovuz”a qarşı keçirilən (0:1) səfər matçından sonra mətbuat konfransında iştirak edib.
Gürcüstanlı mütəxəssis məğlubiyyəti şərh etməklə yanaşı, komandasının potensialı və qarşıda duran hədəflər barədə də vacib açıqlamalar verib.
Mətbuat konfransına yeni mövsümün başlaması və ölkə klublarının avrokuboklardakı uğurlu çıxışları ilə bağlı təbriklərlə başlayan Tsxadadze, matçın ümumi mənzərəsini belə dəyərləndirib:
“İlk növbədə, hamını yeni mövsümün başlanması münasibətilə təbrik edirəm. Həmçinin ‘Sabah’ və ‘Qarabağ’ı Avropa arenasındakı uğurlu çıxışlarına görə alqışlayır, bu yolda onlara uğurlar arzulayıram. Bugünkü qələbəyə görə ‘Turan Tovuz’u da təbrik etmək istəyirəm. Meydanda çox maraqlı və bərabər səviyyəli bir mübarizə getdi. İlk hissədə buraxdığımız bircə səhv nəticəsində qol yedik. Ümumilikdə isə rəqibin elə də ciddi qol imkanları olmadı.
İkinci hissədə təzyiqi artırdıq və daha yaxşı oyun nümayiş etdirdik. Sadəcə, həlledici ötürmələrdə və son zərbələrdə bizə soyuqqanlılıq çatışmadı. Nəzərə almaq lazımdır ki, biz bu heyətlə ilk rəsmi oyunumuza çıxırdıq, hətta yoxlama matçlarında belə bu ’11-lik’ sınaqdan keçirilməmişdi. Buna baxmayaraq, mən komandamda böyük potensial gördüm. Bu kollektiv gələcəkdə mütləq daha yaxşı nəticələr qazanacaq”.
“Qəbələ”nin rəsmisi Səbuhi Səfiyarlının “komandanın əsas məqsədi liqada yerini qorumaqdır” fikrinə münasibət bildirən baş məşqçi, meydanda tam fərqli bir əzmkarlıq göstərəcəklərini vurğulayıb: “Mən bu komandada böyük potensial görürəm və inanıram ki, futbolçularım özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Bu gün ötən mövsümü 3-cü pillədə başa vuran güclü bir rəqibə qarşı oynadıq və onlardan heç nədə geri qalmadıq. Hətta bəzi epizodlarda rəqibdən daha üstün idik. Biz hər oyuna yalnız üç xal qazanmaq və döyüşmək üçün çıxacağıq. Əgər bu gün sərgilədiyimiz oyunu davam etdirsək, istədiyimiz nəticələrə nail ola bilərik”.
Mütəxəssis, iddialı olmayan bir klubda işləməyin psixoloji tərəfləri barədə verilən sualı isə təbəssümlə və özünəinamla cavablandırıb: “Həyat belədir, hər bir vəziyyətdə daha güclü olmaq lazımdır. Hamı bilir ki, mənim kifayət qədər təcrübəm var və bu baxımdan heç bir psixoloji problem yaşamıram (gülür). Ən əsası odur ki, mən özümə inanıram”.