UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Orxus” klubunu qəbul edəcək “Sabah”ın yarımmüdafiəçisi İvan Lepinitsa matçdan öncə təşkil edilən mətbuat konfransında iddialı açıqlamalar verib.
Xorvatiyalı futbolçu komandanın oyuna tam hazır olduğunu bildirib: “Matça çox ciddi hazırlaşmışıq və meydanda əlimizdən gələnin ən yaxşısını edəcəyik. İlk görüşdə rəqibin yarandığı cəmi iki real fırsəti oldu və onların hər ikisini qola çevirə bildilər. Buna baxmayaraq, komandamıza inanıram və ümid edirəm ki, növbəti mərhələyə yüksələn tərəf biz olacağıq”.
Danimarkadakı ilk matçda 1:2 hesabı ilə məğlub olan “Sabah”ın “Orxus”la həlledici cavab qarşılaşması avqustun 11-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Bu cütün qalibi Çempionlar Liqasının pley-offunda “Srvena Zvezda” (Serbiya) – “Hapoel” (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibinə qarşı oynayacaq.