İsveçdə keçirilən dünyanın ən böyük gənclər futbol turnirlərindən biri olan Qotiya Kubokunda Efiopiya komandasının 20-yə yaxın futbolçusunun itkin düşməsi ilə bağlı araşdırma aparılır.
Yerli KİV-in məlumatına görə, turnirin son günü – iyulun 19-da 14-17 yaş aralığında olan təxminən 20 futbolçunun, eləcə də məşqçilər heyətinin ən azı bir üzvünün komandadan ayrıldığı müəyyən edilib. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib və beynəlxalq axtarışa başlanılıb.
İsveç polisi hazırda hadisəni araşdırsa da, hüquq-mühafizə orqanları futbolçuların yoxa çıxmasının insan alveri və ya digər cinayətlərlə əlaqəli olduğunu təsdiqləyən heç bir sübutun olmadığını açıqlayıb. Polis nümayəndəsi Ellinor Halldin bildirib ki, bütün əlamətlər gənclərin turniri öz istəkləri ilə tərk etdiyini göstərir.
Qotiya Kubokunun nümayəndəsi Fredrik Bekman isə klub rəhbərliyi ilə əlaqə saxladıqlarını və futbolçuların ailələri ilə danışdıqlarını bildirib. Klub yaranmış vəziyyəti “kommunikasiya problemi” kimi dəyərləndirib və oyunçuların təhlükəsizliklərinin təmin olunduğunu açıqlayıb.
Qotiya Kuboku dünyanın ən nüfuzlu gənclər futbol turnirlərindən biridir. Bu il yarışda müxtəlif yaş qrupları üzrə 1964 komanda mübarizə aparıb. Turnirin təşkilatçıları Efiopiya təmsilçisinin əvvəlki illərdə də yarışda iştirak etdiyini və klubla hər zaman uğurlu əməkdaşlıq etdiklərini bildirərək, baş verən hadisənin onlar üçün də gözlənilməz olduğunu vurğulayıblar.