Çempionlar Liqasının I turunun ilk 12 oyununda heç-heçə qeydə alınmasa da, üçüncü oyun gününün açılış matçları sülhlə başa çatıb.
Çempionlar Liqasına qayıdan “Fənərbaxça” doğma meydanda “Roma” ilə heç-heçə edib. İlk hissədə daha təhlükəli görünən Roma hesabı açmağa yaxın olub. 21-ci dəqiqədə Paulo Dibalanın zərbəsi İstanbul təmsilçisinin qapısı qarşısında ən ciddi epizodlardan biri kimi yadda qalıb. Fasiləyə az qalmış isə “Roma” hesabı açıb. Doniell Malen üç müdafiəçini üzərinə çəkərək topu arxaya ötürüb, Brayan Kristante isə uzaq məsafədən dəqiq zərbə ilə komandasını önə keçirib.
İkinci hissəyə fəal başlayan “Fənərbaxça” qısa müddətdə iki real qol imkanı yaradıb. İlk epizodda Arçi Braun hücumçu kimi hərəkət edərək topu Sviların üzərindən ustalıqla keçirib və hesabı bərabərləşdirib. Ardınca Muriqinin zərbəsindən sonra qonaqları qapıçı Svilar xilas edib.
İstanbul klubunun təzyiqi davam etsə də, “Roma” sonradan oyunu nəzarətə almağa çalışıb. Qarşılaşmanın ortalarında baş hakim əvvəlcə “Roma”nın lehinə penalti təyin etsə də, VAR yoxlamasından sonra qərarını dəyişib. Təkrarda Dibalanın cərimə meydançasından kənarda qayda pozuntusuna məruz qaldığı müəyyənləşib.
Son dəqiqələrdə hər iki komanda qələbə üçün şanslar əldə edib. “Fənərbaxça”nın müdafiəçisi Milan Şkrinyar isə zərbəsi ilə topu tirə vuraraq meydan sahiblərinin üstünlük qazanmaq imkanını əldən verib.
Beləliklə, komandalar hərəyə bir xalla kifayətlənib. Nəticə xüsusilə səfərdə oynayan “Roma” üçün qənaətbəxş sayıla bilər.
“Fənərbaxça” növbəti matçını oktyabrın 14-də səfərdə “Aston Villa”ya qarşı keçirəcək. Həmin gün “Roma” doğma meydanda “Real”ı qəbul edəcək.
Günün digər qarşılaşmasında Donetsk “Şaxtyor”u PSV ilə heç-heçə edib. Arda Turanın rəhbərlik etdiyi Ukrayna çempionu ilk hissənin son dəqiqələrində hesabı açıb. Qleyker Mendosa əlavə olunmuş dəqiqələrdə fərqlənərək “Şaxtyor”u önə keçirib. PSV ikinci hissəyə sürətli başlayıb və 50-ci dəqiqədə hesabı bərabərləşdirib. Serjinyo Dest dəqiq zərbə ilə komandasını məğlubiyyətdən xilas edib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın son bölümündə hər iki komanda qələbə üçün imkanlar əldə etsə də, hesab dəyişməyib.
PSV oktyabrın 13-də “Leyptsiq”in qonağı olacaq. “Şaxtyor” isə həmin gün AEK-i qəbul edəcək. Ukrayna təmsilçisi ev oyunlarını bu mövsüm Londondakı “Stemford Bric” stadionunda keçirir.
Çempionlar Liqasının liqa mərhələsi, 1-ci tur
“Fənərbaxça” (Türkiyə) – “Roma” (İtaliya) 1:1
Braun, 48 – Kristante, 39.
PSV (Niderland) – “Şaxtyor” (Ukrayna) 1:1
Dest, 48 – Mendosa, 45+1.