İspaniyanın “Vilyarreal” futbol klubu Azərbaycanda “Villarreal CF Camp Baku” adlı yeni layihəsini həyata keçirməyə hazırlaşır.
AFFA və Bakı Futbol Federasiyasının yaxından dəstək verdiyi bu təşəbbüs çərçivəsində tərəflər layihənin icrası ilə bağlı tam razılığa gəliblər. Düşərgənin ən yüksək səviyyədə təşkili üçün paytaxtdakı “Bayıl” stadionu bütün zəruri şəraitlə təmin olunub.
Avqustun 7-dən 9-dək keçirilməsi planlaşdırılan layihədə U-8 və U-18 yaş qruplarını əhatə edən ümumilikdə 40-45 gənc futbolçunun iştirakı nəzərdə tutulub.
Əldə olunmuş razılığa əsasən, “Sabahın ulduzları” turnirinin yekunlarına görə fərqlənən 10 istedadlı gənc oyunçu “Villarreal CF Camp Baku” layihəsində tamamilə ödənişsiz iştirak etmək imkanı qazanıb.
Düşərgə gənc futbolçular üçün nəinki böyük təcrübə, həm də beynəlxalq arenaya çıxış fürsəti vəd edir. Belə ki, layihənin ən yaxşı futbolçusu seçiləcək gənc istedad “Vilyarreal” tərəfindən təşkil ediləcək beynəlxalq turnirdə iştirak hüququ qazanacaq. Xüsusi olaraq qeyd edək ki, seçiləcək oyunçunun səfər və iştirakla bağlı bütün xərcləri təşkilatçılar və İspaniya klubu tərəfindən tam qarşılanacaq.