DÇ-2026-nın finalı futbol tarixinə keçəcək bir matçla yadda qaldı. İspaniya millisi dramatik keçən finalda Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək, tarixində ikinci dəfə dünya çempionu oldu. Luis de la Fuentenin yetirmələri bu qələbə ilə məğlubedilməzlik seriyasını 38 matça çatdıraraq İtaliyanın rekordunu (37 matç) qırdı. Sonuncu dəfə 2024-cü ilin martında Kolumbiyaya uduzan ispanlar, hazırda həm Avropa, həm də Dünya çempionu adını eyni vaxtda daşıyırlar.
Bu zəfərlə İspaniya, Avropa Çempionatının (Avro-2024) ardınca Dünya Kubokunu da muzeyinə apararaq nadir bir uğura imza atdı. Futbol tarixində qitə birinciliyindən dərhal sonra dünya tacını qazanmağı daha əvvəl yalnız Qərbi Almaniya (1972, 1974) və İspaniyanın özünün əfsanəvi “qızıl nəsli” (2008, 2010) bacarmışdı.
Matçın ssenarisi ilk dəqiqələrdən bəlli oldu: topa tam sahib olan İspaniya və bütün komanda ilə müdafiəyə çəkilən Argentina. Skaloninin yetirmələri Lionel Messinin solğun göründüyü oyunda yalnız qapını qorumaq barədə düşünürdülər. İlk hissədə Lamin Yamal və Mikel Oyarzabalın zərbələri zamanı “albiseleste”ni qapıçı Emiliano Martines xilas etdi. Həmçinin, argentinalı müdafiəçi Lisandro Martinesin zədələnərək yerini 38 yaşlı Nikolas Otamendiyə verməsi Cənubi amerikalıların işini daha da çətinləşdirdi.
Gərgin və sərt keçən qarşılaşmada hakim Slavko Vinçiç kartlarını göstərməkdə olduqca xəsis davrandı. İspaniya müdafiəsi qarşısında iflic olan Argentina isə əsas vaxtın 90 dəqiqəsi ərzində rəqib qapısına bircə zərbə belə endirə bilmədi.
Əsas vaxtın son saniyələrində Enso Fernandes ikinci sarı vərəqəni alaraq Argentinanı azlıqda qoydu. 10 nəfərlə qalan Argentina əlavə vaxtda daha ağır təzyiqlə üzləşdi.
Matçın 96-cı dəqiqəsində Niko Uilyamsın vurduğu qol, daha öncə Mikel Merinonun Otamendiyə qarşı qayda pozuntusu etdiyi əsası ilə ləğv edildi. Lakin ispanların bitmək bilməyən təzyiqi gec-tez bəhrəsini verməli idi. 107-ci dəqiqədə Lamin Yamalın ötürməsindən sonra Niko Uilyams topu başla endirdi və ötən mövsüm “Barselona”da Robert Levandovskini ehtiyat skamyasına məhkum edən Ferran Torres isə güclü zərbə ilə Martinesi çarəsiz qoyaraq hesabı açdı – 1:0!
Argentina yalnız 120-ci dəqiqədə – matçda ilk və sonuncu dəfə – hesabı bərabərləşdirməyə yaxın oldu. Messinin ötürməsindən sonra Markos Senesi və ardınca künc zərbəsindən Culiano Simeone təhlükə yaratsalar da, İspaniya müdafiəsi tab gətirdi.
16 il əvvəl Cənubi Afrikada Niderlandı əlavə vaxtda 1:0 hesabı ilə yenən İspaniya, eyni ssenarini təkrarladı. O vaxt cəmi 3 yaşı olan Lamin Yamal və komanda yoldaşları İspaniyanı yenidən futbol dünyasının zirvəsinə daşıdılar. Argentina isə 1962-ci ildən bəri dünya çempionu titulunu qoruyan ilk komanda olmaq şansını əldən verdi.
Dünya kuboku, final
İspaniya – Argentina 1:0 (əlavə vaxtda)
Qol: Ferran Torres, 106.
İspaniya: Unai Simon, Mark Kukurelya, Emerik Laport (Dani Qarsiya, 99), Pau Kubarsi, Pedro Porro, Fabian Ruis (Pedri, 62), Rodri (Martin Subimendi, 99), Aleks Baena (Niko Uilyams, 75), Dani Olmo (Mikel Merino, 75), Lami Yamal, Mikel Oyarzabal (Ferran Torres, 62).
Argentina: Emiliano Martines, Nikolas Talyafiko, Lisandro Martines (Nikolas Otamendi, 44), Kristian Romero (Fakundo Medina, 70), Qonsalo Montiel (Nauel Molina, 58), Nikolas Qonsales (Leandro Paredes, 46), Aleksis Mak Allister, Enzo Fernandes, Rodrigo De Paul (Covanni Simeone, 70), Xulian Alvares (Markos Senesi, 102), Lionel Messi.
Sarı vərəqələr: Lisandro Martines, 41. Leandro Paredes, 52. Enzo Fernandes (Argentina), 82. Aleksis Mak Allister (Argentina), 111.
Qırmızı vərəqə: Enzo Fernandes (Argentina), 90 (ikinci sarı vərəqə).
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Stadion: “New York/New Jersey Stadium” (Nyu-York)