The Guardian və Mizan xəbər agentliklərinin məlumatına görə, İran məhkəmə sistemi qadınlardan ibarət milli futbol komandasının kapitanı Zəhra Qənbərinin müsadirə olunmuş aktivlərinin geri qaytarılması barədə qərar qəbul edib. Bu addım, futbolçunun Avstraliyadan istədiyi sığınacaq müraciətini rəsmən geri götürməsindən sonra atılıb.
Hadisələrin xronologiyası cari ilin mart ayına təsadüf edir. Qadınlar arasında Asiya Kubokunda iştirak edən İran millisinin altı üzvü, regiondakı gərgin siyasi vəziyyəti və təhlükəsizlik risklərini əsas gətirərək Avstraliyaya sığınacaq müraciəti etmişdi. Lakin sonradan Qənbəri də daxil olmaqla, beş futbolçu qərarlarını dəyişərək vətənə qayıtmağa üstünlük veriblər.
Martın 19-da Tehranda baş tutan xüsusi mərasimlə qarşılanan idmançıların “günahsızlığı” İran hakimiyyəti tərəfindən təsdiqlənib. Məhkəmənin qərarında qeyd olunur ki, futbolçunun mövqeyini dəyişməsi onun aktivləri üzərindəki həbsin götürülməsinə əsas verib.
İran tərəfi isə öz növbəsində Avstraliyanı idmançıları ölkədə qalmağa təşviq etməkdə və siyasi manipulyasiyada günahlandırıb.
Geri dönənlərdən fərqli olaraq, milli komandanın digər iki üzvü Avstraliyada qalmaq qərarında qətiyyətli olublar. Hazırda həmin futbolçuların peşəkar karyeralarını Avstraliyanın tanınmış klublarından biri olan “Brisbane Roar” heyətində davam etdirdikləri bildirilir.