“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Holand dəbdəbəli avtomobil kolleksiyasına qeyri-adi bir yenilik əlavə edib. Norveçli futbolçu “Supreme” brendinin istehsalı olan vintage “Airstream” avtodoma – karvana sahib olub.
YouTube kanalında yayımlanan “Peşəkar futbolçunun bir günü” adlı videonun son bölümündə 26 yaşlı forvard 4,4 milyon abunəçisinə yeni alışından danışıb.
“Mən özümə karvan almışam. Hər şeyi ilə əsl “Supreme” məhsuludur. Bunu birbaşa ABŞ-dən sifariş etmişəm”, – deyə Holand bildirib.
Futbolçu karvanla hara gedəcəyi ilə bağlı suala isə belə cavab verib: “Sadəcə maşını sürüb harasa getmək və gecəni orada yatmaq istəyirəm”.
Karvanı daha yaxından nəzərdən keçirən Holand onun dizaynını zarafatla “dəhşətli” adlandırıb.
ABŞ-də populyarlığı gündən-günə artan bu cür retro tipli kempinq furqonlarının qiyməti kifayət qədər yüksəkdir. Tam brendləşdirilmiş, geri çəkilə bilən tentlə təchiz olunan “Supreme Airstream” modelinin qiyməti təxminən 67 min funt sterlinqdir.
İngiltərə Premyer Liqasında həftəlik 500 min funt sterlinq qazanan ən yüksək maaşlı futbolçulardan biri olan Holand üçün bu məbləğin ciddi xərc olmadığı görünür.
Cari mövsümdə artıq üç qola imza atan norveçli hücumçu sabah axşam Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Portu” ilə qarşılaşacaq.