Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb. Olimpiya çempionu Hidayət Heydərov yarışın bürünc medalına sahib çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz turnirə uğurlu başlayıb. O, ardıcıl olaraq rumıniyalı Lusian Borş Dumitresku, belçikalı Əbdül Malik Umayev və kosovolu Akil Qyakovanı məğlub edərək yarımfinala yüksəlib.
Finala gedən yolda tacikistanlı Məsudi Əhmədzodaya məğlub olan Heydərov bürünc medal uğrunda görüşdə Böyük Britaniya təmsilçisi İrakli Qoqinaşvilini üstələyib.
Beləliklə, Azərbaycan millisinin Əbu-Dabidə qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal əldə edib.