Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la keçirəcəyi ilk oyuna cəmi dörd gün qalan Beer-Şevanın “Hapoel”i bu axşam Toto Kuboku çərçivəsində Hayfanın eyni adlı klubu ilə qarşılaşmaq üçün “Sami Ofer” stadionuna yollanacaq.
“Marakana”da Belqradın “Srvena Zvezda”sı üzərində qazanılan parlaq qələbənin (2:0) və mərhələ adlamağın coşqusunu yaşayan “qırmızı-ağlılar” üçün bu matçda əsas hədəf lazımsız zədələrdən qaçmaq və avrokuboklar öncəsi komandada inamlı ab-havanı qoruyub saxlamaqdır.
Komandanın baş məşqçisi Ran Kozuk son həftələrdə, xüsusilə də “Srvena Zvezda” ilə keçirilən ağır oyunlardan sonra futbolçuların topladığı yorğunluğu nəzərə alaraq nisbətən yüngül məşq keçirib. Məşqçilər korpusu “Sabah”la duelə verilən önəmi dərk edir və əsas heyət üzvlərinin sağlamlığını riskə atmaq istəmir.
Gözlənilir ki, Kozuk bu görüşdə geniş rotasiyaya əl atacaq və Belqrad səfərində ehtiyatda qalan və ya az şans qazanan futbolçulara əsas heyətdə yer verəcək. Əmir Qanah, Məhəmməd Əbu Rumi, Matan Baltaksa, Amit Ohana, Ofir Davidzadə, Roy Levi, Yoni Stoyanov və Cibril Diop bu qarşılaşmada özlərini doğrultmaq və oyun ritmini qorumaq şansı əldə edəcəklər. Eyni zamanda, İtay Hazut, Marko Volf və Hamudi Kanaanın da matçda əsas vaxt qazanacağı gözlənilir.
Beer-Şeva təmsilçisi əsas diqqətin avrokuboklara yönəldiyini gizlətməsə də, hər matçda qələbə əzmini qoruyub saxladıqlarını vurğulayır.
“Yükü düzgün bölüşdürməliyik. Qarşıda bizi çox vacib avrokubok matçı gözləyir və biz ora ən güclü, sağlam heyətimizlə yollanmaq istəyirik,” – deyə klubdan bildirilib. – “Eyni zamanda, meydana kimin çıxmasından asılı olmayaraq, hamı bilir ki, biz “Hapoel Beər-Şeva”yıq və hər matçda yalnız qələbə üçün mübarizə aparırıq”.