Bolqarıstanın Samokov şəhərində keçirilən yunan-Roma güləşi üzrə yeniyetmələrin Avropa birinciliyi (U-17) Azərbaycan yığması üçün uğurlu məcrada davam edir. Xalça üzərinə çıxan pəhləvanlarımız inamlı qələbələrlə medal şanslarını artırıblar.
Bu gün Azərbaycan millisinin iki üzvü Avropa çempionu adı uğrunda həlledici görüşə çıxacaq. Ömər Salmanov (48 kq) və Qurban Məcnunov (55 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. Bundan başqa, Orxan Həbibili (65 kq) təsəlliverici görüşə qatılaraq bürünc medal üçün xalça üzərinə çıxacaq.
Bu gün mübarizəyə start verən 5 güləşçimizdən birincisi artıq dörddəbir finaldadır. Əli Cavadlı (45 kq) rəqiblərinə şans verməyərək 1/4 finala adlayıb. Zöhrab Səfərov (92 kq) 1/8 finalda qüvvəsini sınayır, Hüseyn Mustafazadə (51 kq) və Elmir Çərkəzov (60 kq) isə növbəti döyüşlərinə hazırlaşırlar. Təəssüf ki, Əli Məmmədov (71 kq) üçün debüt uğursuz alınıb və o, turnirlə vidalaşıb.
Xatırladaq ki, mayın 17-dək davam edəcək qitə birinciliyində pəhləvanlarımızdan növbəti medal xəbərləri gözlənilir.