UEFA Millətlər Liqasının A1 qrupunda növbəti oyunlar keçirilib. Fransa doğma meydanda Belçikanı böyükhesablı məğlubiyyətə uğradıb, İtaliya isə Türkiyə üzərində inamlı qələbə qazanıb.
Zinəddin Zidanın baş məşqçi kimi ilk ev oyununa çıxardığı Fransa millisi “Stad de Frans”da gözlənilməz ssenari ilə üzləşib. Dodi Lukebakionun qolu ilə hesabda geriyə düşən meydan sahibləri qarşılaşmanın son bölümündə möhtəşəm geridönüşə imza atıblar. Fransızlar son 13 dəqiqədə Belçikanın qapısından 4 cavabsız top keçirərək böyük hesablı qələbə qazanıblar.
Görüşün əsas qəhrəmanı isə sonradan meydana daxil olan Maykl Olise olub. Hücumçu Rayan Şerkinin qolunda məhsuldar ötürmə verib, ardınca özü iki dəfə fərqlənərək komandasının darmadağınını rəsmiləşdirib.
Zidan bu matçda heyətdə ciddi rotasiyalara əl atıb. Leni Yoro və Qiyom Reste Fransa millisində debüt edib. Zədə səbəbindən meydana çıxa bilməyən Kilian Mbappenin yoxluğunda isə Usman Dembele komandanı kapitan kimi meydana çıxarıb.
Qrupun digər qarşılaşmasında İtaliya Bolonyada Türkiyəni 3:1 hesabı ilə məğlub edib. Canluka Skamakkonun qolu ilə hesabı açan meydan sahiblərinə Aral Şimşir cavab verib. Lakin Rikkardo Kalafyori və Pio Espozitonun dəqiq zərbələri “Skuadra Adzurra”ya qələbə qazandırıb. Arda Gülər, Kenan Yıldız və Hakan Çalhanoğlu kimi əsas futbolçularından məhrum olan Vinçenso Montellanın komandası bununla da uğursuz çıxışını davam etdirib.
A1 qrupu
Fransa – Belçika 4:1
Due, 77; Şerki, 81; Olise, 88; 90+1 – Lukebakio, 35
İtaliya – Türkiyə 3:1
Skamakka, 26; Kalafyori, 65; Espozito, 87 – Aral Şimşir, 61
| № | Komanda | O | Q | H | M | T | X |
| 1 | Fransa | 4 | 3 | 1 | 0 | 7:2 | 10 |
| 2 | İtaliya | 4 | 2 | 1 | 1 | 8:5 | 7 |
| 3 | Belçika | 4 | 2 | 0 | 2 | 6:5 | 6 |
| 4 | Türkiyə | 4 | 0 | 0 | 4 | 2:11 | 0 |