FİFA baş hakim Slavko Vinçiçin bədən kamerasından (bodycam) qeydə alınmış unikal videogörüntüləri yayımlayıb. Həmin kadrlarda sloveniyalı referinin Argentina ilə İspaniya arasındakı gərgin matçın son dəqiqələrində Lionel Messiyə yaxınlaşaraq Leandro Paredesi sakitləşdirməyi xahiş etdiyi məqam diqqət çəkib.
İki yığmanın qarşılaşması final fitindən sonra əsl xaosla yadda qalmışdı. Matç zamanı oyuna fasilədən sonra qoşulan və cəmi 6 dəqiqə ərzində sarı vərəqə alan Leandro Paredes son dəqiqələrdə təmkini itirərək rəqib oyunçularla kəskin mübahisəyə girişib. Lakin hakimin kamerasına düşən kadrlar göstərir ki, referi hələ insident baş verməmişdən əvvəl təhlükəni hiss edib.
Slavko Vinçiçin argentinalıların kapitanına müraciəti dəqiq eşidilir: “Messi, Paredesə nəzarət et. İstəmirəm… Onun sarı vərəqəsi var. Xahiş edirəm, ona nəzarət et. Həmişə, həmişə”.
Buna baxmayaraq, matçın son dəqiqqələri olduqca gərgin keçib. Əsas vaxtın sonunda rəqibinə qarşı sərt oynasa da qırmızı vərəqədən xilas olan 32 yaşlı yarımmüdafiəçi final fitindən dərhal sonra İspaniya millisinin üzvləri – Erik Qarsiya və Qavi ilə əlbəyaxa olub. O, Erik Qarsiyanın boynundan tutaraq itələyib və digər rəqib oyunçulara da zərbələr endirib.
Bu hadisələrdən sonra FİFA Paredes barəsində intliam işi açıb. Yarımmüdafiəçiyə qarşı hücumun üç müxtəlif bəndi və idmançıkənar davranış ittihamı irəli sürülüb. Həmin kadrlarda həmçinin Slavko Vinçiçin matçdan sonra ABŞ-nin keçmiş prezidenti Donald Trampın əlindən medal aldığı və Trampın ona “Əla iş çıxardın” dediyi anlar da yer alıb.
Xatırladaq ki, bu qalmaqallardan sonra Paredes “Boka Xuniors”un heyətinə qayıdıb. Bir müddət əvvəl Argentina Liqasında “Nyuellz Old Boyz”la keçirilən və 2:2 hesabı ilə başa çatan matçda da o, oxşar hərəkəti ilə yadda qalıb. Komandasının 2:1 geridə olduğu vaxt (68-ci dəqiqə) qazon üzərində uzanan rəqib oyunçunun üzərinə qəsdən topu vuran Paredes yenidən kütləvi davanın alovlanmasına səbəbkar olub və sarı vərəqə ilə cəzalandırılıb.
Təcrübəli yarımmüdafiəçi dünya çempionatının finalından sonra isə Argentina millisindəki gələcəyi barədə qeyri-müəyyən danışıb. O, yığmadakı karyerasını davam etdirəcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib və finaldakı məğlubiyyətin acısının uzun müddət davam edəcəyini vurğulayıb.
