DÇ-2026-nın finalı ərəfəsində FİFA, Böyük Britaniyanın kəskin etirazına səbəb olan qalmaqallı bir qərara imza atıb. Ali futbol qurumu, Argentina millisinə İspaniya ilə keçiriləcək final matçında qələbə qazanacağı təqdirdə, Folklend (Malvin) adaları ilə bağlı siyasi şüarın yer aldığı banneri yenidən açmağa icazə verib.
Xatırladaq ki, yarımfinalda İngiltərəni turnirdən kənarlaşdıran “albiseleste” üzvləri meydanda “Malvin adaları Argentinanındır” yazılmış banner nümayiş etdirmişdilər. Bu addım FİFA-nın stadionlarda siyasi şüarları qadağan edən nizamnaməsini kobud şəkildə pozsa da, RMC Sport və Sky Sports-un yaydığı məlumata görə, Argentina Futbol Assosiasiyasına qarşı heç bir sanksiya tətbiq olunmayacaq. FİFA-nın işçi qrupunun rəhbəri Endryu Culiani qərarı futbolçuların öz fikirlərini ifadə etmək hüququnun olması ilə əsaslandırıb.
London administrasiyası insidentlə bağlı rəsmi olaraq geniş araşdırma tələb edib. Argentinadan 600 kilometr məsafədə yerləşən Folklend adaları Böyük Britaniyanın dəniz ərazilərinə aiddir və iki ölkə arasında suverenlik mübahisəsi onilliklərdir davam edir.
Məsələyə rəsmi Buenos-Ayresin reaksiyası da diqqət çəkib. Argentina Prezidenti Xavyer Miley ilkin olaraq təmkin nümayiş etdirməyə çağıraraq, “Biz prosesə qarışmamalıyıq. Malvin adalarını ucuz vətənpərvərlik şouları ilə deyil, müdrik diplomatiya ilə qaytaracağıq” desə də, sonradan mövqeyini dəyişərək futbolçulara tam dəstək verib: “Malvin sevgisi hər bir argentinalının qəlbində yaşayan bir hissdir və bunu ifadə etmək tamamilə təbiidir. Adalar həqiqətən Argentinanındır”.
DÇ-2026-dakı bu loyal yanaşma FİFA-nın keçmişdə tətbiq etdiyi sərt cəzaları və ikili standartları yenidən gündəmə gətirib.
Argentina (2014): Buenos-Ayres eyni mövzuya görə ilk dəfə deyil risk edirdi. DÇ-2014 öncəsi Sloveniya ilə yoldaşlıq oyununda eyni banneri açdıqları üçün FİFA Argentinanı 30 min İsveçrə frankı məbləğində cərimələmişdi.
İngiltərə və Şotlandiya (2016): DÇ-nin seçmə mərhələsində futbolçular Birinci Dünya Müharibəsində həlak olanların xatirəsinə formalarına “Qırmızı Lalə” simvolu yapışdırdıqları üçün FİFA tərəfindən cərimələnmişdilər. Britaniyanın “bu, siyasi yox, tarixi xatirədir” etirazı qəbul edilməmişdi.
Pep Qvardiola (2018): İspaniya və Kataloniya arasındakı siyasi böhran zamanı matçlara Kataloniyadakı siyasi məhbuslara dəstək məqsədilə sarı lent taxaraq çıxan Qvardiolaya heç bir “fikir azadlığı” tanınmadı və o, sərt şəkildə cərimələndi.
Caka və Şakiri (DÇ-2018): İsveçrə millisinin kosovo-alban əsilli futbolçuları Serbiyaya qol vurduqdan sonra əlləri ilə Albaniyanın simvolu olan “ikibaşlı qartal” işarəsi göstərdiklərinə görə idmandan kənarlaşdırılma xəbərdarlığı və pul cəriməsi aldılar.
Xavyer Poveda (2020): İspaniya daxili çempionatında çıxış edən futbolçu qol sevincində köynəyinin altından dini və milli simvollar əks olunmuş geyim göstərdiyi üçün cəzalandırıldı.
FİFA-nın DÇ-2026-nın finalında Argentinaya bu icazəni verməsi futbol tarixində çox ciddi və təhlükəli bir presedent yaradır. Bu qərar ali futbol qurumunun qaydaları hüquqi prinsiplərlə deyil, siyasi və iqtisadi konyunkturaya (turnirin reytinqi, ev sahibləri və maraqlı tərəflərin təsir gücünə) uyğun olaraq çevik şəkildə şərh etdiyini növbəti dəfə sübuta yetirir.