Futbol üzrə Dünya Çempionatının yeni formatı ətrafında mübahisələr səngimək bilmir. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi, 48 komandanın iştirakı ilə rekordlar qıran cari turnirin bu formatda sonuncu olacağı barədə iddialar var. Lakin FİFA komandaların sayını azaltmağı deyil, daha da artırmağı planlaşdırır.
Mondo.rs saytının məlumatına görə, FİFA rəhbərliyi 2030-cu il mundialından etibarən iştirakçı sayını 64-ə çatdırmağı nəzərdən keçirir. Hazırkı turnirə olan böyük maraq və gəlirlərin artması Canni Infantinonun bu ideyasını stimullaşdırır.
Layihənin pərdəarxası əsas fiqurlarından biri isə KONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) prezidenti Alexandro Domingesdir. Onun bu təşəbbüsü canfəşanlıqla müdafiə etməsi təsadüfi deyil; çünki DÇ-2030 bütövlükdə 6 ölkədə keçiriləcək. Turnirin əsas ev sahibləri İspaniya, Mərakeş və Portuqaliya olsa da, mundialın 100 illiyi şərəfinə açılış oyunları Argentina, Paraqvay və Uruqvayda təşkil olunacaq.
Bu layihə hələlik planlaşdırma mərhələsində olsa da, artıq ciddi narazılıq və narahatlıq dalğası yaradıb. RMC Sport qeyd edir ki, belə bir ssenarinin reallaşması həddindən artıq çətindir. Səbəb isə FİFA-nın cəmi 8 il ərzində (2022-2030) iştirakçı sayını ikiqat artırmaq istəyidir ki, bu da futbol dünyası və təqvim sıxlığı üçün həddindən artıq riskli bir addım hesab olunur.