Bakıda keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalında çıxışını başa vuran ölkəmizin 15 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Famil Xəlilov turnirin yekunlarını dəyərləndirib. Əfqanıstana qarşı dramatik keçən matçda (əsas vaxt – 3:3, penaltilər seriyası – 2:3) alınan məğlubiyyətdən sonra fikirlərini bölüşən mütəxəssis, nəticədən təəssüfləndiyini, lakin gənc futbolçuların potensialına inamının olduğunu bildirib.
O, turnir boyu qarşılarına qoyduqları hədəflərdən və yaşanan çətinliklərdən söz açaraq, komandanın psixoloji baxımdan toparlana bilmədiyini qeyd edib: “Turnirə böyük ümidlərlə yollanmışdıq. Əsas məqsədimiz qrup mərhələsini lider kimi başa vurub ‘Crystal Hall’da keçiriləcək final seriyasına adlamaq və daha iddialı rəqiblərlə üz-üzə gəlmək idi. Lakin əvvəlki gün aldığımız ağır məğlubiyyət komandanın psixoloji bərpasını çətinləşdirdi. Nə qədər çalışsaq da, mövcud çatışmazlıqlar həlledici anda öz sözünü dedi”.
Baş məşqçi Əfqanıstanla matçdakı yenilginin ölkə futbolunun səviyyəsi ilə əlaqələndirilməsinin doğru olmadığını vurğulayıb. O, bu nəslin böyük gələcəyi olduğuna diqqət çəkib: “Bu nəticəyə görə futbolçularımızın potensialına şübhə ilə yanaşmaq olmaz. Çox istedadlı heyətə sahibik. Məğlubiyyətin əsas səbəbi bəzi anlarda bəxtimizin gətirməməsi və konsentrasiya itkisi oldu. Avstraliya, Haiti və Çili kimi güclü rəqiblərlə keyfiyyətli mübarizə apardıq. Lakin unutmamaq lazımdır ki, bu uşaqlar ilk dəfədir belə səviyyəli beynəlxalq turnirdə çıxış edirlər. Cəmi altı gün ərzində 10 qarşılaşmaya çıxmaq həm fiziki, həm də psixoloji cəhətdən həddindən artıq ağır yük yaratdı”.
Gənc futbolçuların gələcəkdə potensiallarını tam reallaşdıra bilmələri üçün vacib olan amillərə toxunan Xəlilov, davamlı beynəlxalq təcrübənin vacibliyini qeyd edib. O, uzun illərdir bu sahədə çalışan mütəxəssis kimi əsas şərtin güclü rəqiblərlə yoxlama oyunları və beynəlxalq turnirlərdə müntəzəm iştirak olduğunu bildirib.
Milli komandanın turnirdə 84-cü yeri tutmasına AFFA rəhbərliyinin verdiyi reaksiyadan danışan təcrübəli mütəxəssis, rəhbərliyin komandaya dəstək olduğunu vurğulayıb: “AFFA rəhbərliyi çıxışımızı yaxından izləyirdi. Oyundan sonra bizimlə görüşüb dəstəklərini ifadə etdilər. Harada səhv etdiyimizi və hansı istiqamətdə addım atmalı olduğumuzu yaxşı bilirik. Qarşıda bizi böyük iş həcmi gözləyir, lakin çatışmazlıqları aradan qaldırmaq və inkişaf etmək üçün kifayət qədər vaxtımız olacaq”.