Futzal üzrə UEFA Çempionlar Liqasının əsas seçmə mərhələsində “Buba Mara”ya (Bosniya və Herseqovina) 3:5 hesabı ilə uduzan “Araz-Naxçıvan”ın oynayan məşqçisi Fərid Ələkbərov qarşılaşma barədə fikirlərini bölüşüb.
O, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında rəqibin gözlədiklərindən daha yaxşı mübarizə apardığını bildirib: “Düzünü desəm, rəqibin bu qədər əzmkar oynayacağını gözləmirdim. Bizi yaxşı mənada təəccübləndirdilər. Hesabda önə keçsək də, təcrübəsizlikdən üstünlüyümüzü qoruya bilmədik. Hesab 2:2 olarkən boş qapıya qol vurmaq imkanımız var idi, amma bundan yararlana bilmədik. Həmin epizodda qol vursaydıq, qələbəyə daha yaxın ola bilərdik”.
Ələkbərov qrupdakı rəqiblərin güclü olduğunu vurğulayıb. Onun sözlərinə görə, bütün komandaların oturuşmuş heyəti var və əksəriyyəti uzun müddətdir birlikdə çıxış edir.
Oynayan məşqçi qrup liderinin adına sonuncu turun oyunlarından sonra aydınlıq gələcəyini, bütün komandaların birinci yeri tutmaq şansının qaldığını qeyd edib.
Xatırladaq ki, “Araz-Naxçıvan” ilk oyunda Macarıstanın “Uypeşt” klubunu 5:4 hesabı ilə məğlub edib, ikinci qarşılaşmada isə “Buba Mara”ya 3:5 hesabı ilə uduzub. Təmsilçimiz növbəti matçını oktyabrın 30-da Polşanın “Pyast” klubuna qarşı keçirəcək. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüş qrupdakı mövqelər baxımından mühüm əhəmiyyət daşıyır.