Futzal üzrə Azərbaycan millisinin kapitanı Emin Kürdov DÇ-2028-in əsas mərhələsinin püşkünün nəticələrini şərh edib. Azərbaycan Futzal Federasiyasına (AFF) açıqlama verən təcrübəli qapıçı, yığmamızın yer aldığı 12-ci qrupdakı rəqibləri – Çexiya və Latviya seçmələrini dəyərləndirib.
Təcrübəli qolkiper qrupun favoriti hesab olunan Çexiya seçməsinin hazırkı vəziyyətindən danışıb və onlara qarşı ciddi müqavimət göstərməyin mümkün olduğunu bildirib: “İki il əvvəl onlarla yoldaşlıq oyunlarında qarşılaşmışdıq. Həmin matçlarda uduzsaq da, Bakıdakı görüş rəqiblə başabaş mübarizə apara biləcəyimizi göstərdi. Qrupun favoriti hesab olunsalar da, səfərdə də eyni müqaviməti göstərmək mümkündür. Hazırda Çexiya millisində nəsildəyişmə prosesi gedir və heyətə gənc oyunçular cəlb olunur. Hər şey bizim hazırlığımızdan və matç gününə hansı formada yaxınlaşacağımızdan asılı olacaq”.
Qrupun digər rəqibi Latviya barədə danışan kapitan, Çexiyanın daha güclü tərəf olduğunu vurğulayıb: “Son illərdə bu ölkənin təmsilçiləri ilə yalnız klub səviyyəsində qarşı-qarşıya gəlmişik. Sözsüz ki, Çexiya onlarla müqayisədə xeyli güclü rəqibdir”.
Püşkü milli komandamız üçün uğurlu hesab edən Emin Kürdov, növbəti mərhələyə yüksələcəklərinə inandığını qeyd edib: “Normal qrupa düşmüşük. Hər iki rəqibdən xal almaq gücündəyik. Minimum hədəfimiz pley-off vəsiqəsini təmin etməkdir. Komandama və döyüşkən ruhumuza inanıram. İndi əsas məsələ yaxşı hazırlaşmaq və meydandakı tapşırıqları düzgün yerinə yetirməkdir. Azərbaycan millisinin yenidən elit raunda vəsiqə qazanacağına şübhəm yoxdur”.