FİFA dərəcəli azərbaycanlı hakim Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinat alıb. Təcrübəli referi millinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın “Rakuv” və Xorvatiyanın “Hayduk” komandaları arasındakı qarşılaşmanın baş hakimi olacaq.
Bu məsuliyyətli görüşdə Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Mərhələnin taleyinə aydınlıq gətirəcək “Rakuv” – “Hayduk” qarşılaşması avqustun 27-də Polşada keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Xatırladaq ki, bu komandalar arasında baş tutan ilk matç gərgin mübarizə şəraitində keçmiş və 2:2 hesablı bərabərliklə yekunlaşmışdı. Həmin görüşdə Mahir Emreli Polşa təmsilçisinin ilk qoluna imza atmışdı.