Səudiyyə Ərəbistanının Al-Riyadiah nəşrinin məlumatına görə, Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” ciddi maliyyə problemləri yaşayır və hətta iflas təhlükəsi ilə üzləşib.
Bildirilir ki, ötən mövsüm ölkə çempionu olan klub yay transfer pəncərəsində hələlik heç bir futbolçu almayıb. Buna səbəb isə borcların 187 milyon avronu ötməsi və ötən mövsümdə qəbul edilmiş uğursuz maliyyə qərarlarıdır.
Mövcud vəziyyətlə bağlı “Əl-Nəsr” Səudiyyə Peşəkar Liqasının nəzarətinə götürülüb. Klubun əsas sahibi olan Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) rəhbərliyə yalnız klubun gəlirləri hesabına maliyyələşdirilə bilən transferlərə icazə verib.
Bundan əlavə, PIF maliyyə, biznes və hüquq sahəsində fəaliyyət göstərən müstəqil şirkətləri vəziyyəti qiymətləndirmək üçün prosesə cəlb edib. Onlar gəlirlərin artırılması, xərclərin optimallaşdırılması və klubun maliyyə vəziyyətinin sabitləşdirilməsi üzrə plan hazırlayacaqlar.
Məlumata əsasən, “Əl-Nəsr”lə bağlı iki ciddi satınalma təklifi də daxil olub və PIF-in klubu ən azı qismən satmağa müsbət yanaşdığı bildirilir.
2022-ci ilin sonunda “Əl-Nəsr”ə transfer olunan Kriştianu Ronaldunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.