“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu cənubi afrikalı müdafiəçi Eyden Makkartinin “Sabah”a keçidini şərh edib. Cənub Afrika Respublikasının “Soccer Laduma” portalına danışan forvard həmyerlisinin doğru seçim etdiyini bildirib: “Başqalarının nə düşünməsindən asılı olmayaraq, Eyden doğru addım atıb. Azərbaycan Premyer Liqasının səviyyəsi getdikcə yüksəlir, bura Braziliya və Portuqaliyadan keyfiyyətli oyunçular gəlir”.
Ndlovu həmçinin Makkartinin Ağdam klubunun da hədəfində olduğunu bəyan edib: “Qarabağ”ın zəngin Çempionlar Liqası təcrübəsi var və bu klub istənilən afrikalı oyunçu üçün cəlbedici məkandır. Bildiyimə görə, “Qarabağ” da Makkartini transfer etmək istəyirdi, lakin o, “Sabah”ı seçdi. Onun səhv etdiyini deyə bilmərəm. Bu, Eydenin şəxsi qərarıdır və ona uğurlar arzulayıram. “Qarabağ”la rəqabət aparmaq çətin olsa da, bu, Makkarti üçün əla çağırışdır”.